DÜNYAYA SÜLH LAZIMDIR…..

XXI əsrin əvvəlindən bəri Dünya ardıcıl təlatümlərin, regional ziddiyyətlərin və böyük güclərin rəqabətinin girdabında çalxalanır.
Uzaq Şərqdən tutmuş Şərqi Avropaya, Yaxın Şərqdən Afrikaya qədər müxtəlif coğrafiyalarda davam edən gərginliklər --- bəşəriyyət üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir.
Çin–Yaponiya münasibətlərindəki soyuqluq, Tayvan ətrafında qalan gərginlik, Hind–Sakit okean hövzəsində qüvvələr balansının dəyişməsi, Əfqanıstanda bitib-tükənməyən qeyri-sabitlik, Afrika bölgəsində terror qruplarının genişlənməsi, Amerikanın Venesuela ilə münasibətlərindəki ziddiyyətlər, eləcə də Şərqi Avropada – Ukraynada davam edən müharibə ; təcili olaraq dünyada sülhün təmin olunmasını zəruri edir.
Bu konfliklərin mahiyyəti bir-birindən fərqlənsə də ; onların yaratdığı fəsadlar eynidir ---- insan itkisi, dağıntı, iqtisadi böhran və sosial faciələr.
Siyasi maraqların, regional hegemoniyanın, yanlış dini yozumların və maddi baxışların toqquşması --- planetin müxtəlif nöqtələrində müharibələri qaçılmaz hala gətirir.
Bütün bunlar isə təkcə dövlətlərin deyil ; milyonlarla ailənin taleyinə mənfi təsir göstərir.
Tarixin bütün mərhələlərində olduğu kimi ; bu gün də bir çox qarşıdurmaların dərinində yanlış dini baxışlar və maddi maraqlara söykənən siyasi məqsədlər dayanır.
Dinin mahiyyətinin təhrif olunması --- radikal ideologiyaların genişləndirilməsi və fanatizmin güclənməsi cəmiyyətlər arasında uçurum yaratmış ; xalqların bir-birinə düşmən kimi təqdim edilməsinə səbəb olmuşdur.
Bu cür təhriflər nəticəsində pərdələnən məqsədlər çox zaman iqtisadi üstünlüyün, enerji marşrutlarının, regional nüfuzun qazanılması uğrunda aparılan mübarizələrə səbəb olur.
Belə səhvlər nəticəsində milyonlarla insan həyatını itirir ; minlərlə şəxs şikəst qalır, yüz minlərlə ailə dağılır.
Körpələr valideynsiz böyüyür, qadınlar və qocalar qeyri-insani şəraitdə yaşamağa məcbur edilir.
Aclıq, xəstəliklər və fəlakətlər müharibə bölgələrinin dəyişməz mənzərəsinə çevrilir.
Bu gün həm Yaxın Şərqdə - Qəzza sektorunda yaşanan humanitar dram, həm Ukraynadakı dağıntılar, həm də Afrika və Asiyanın bir çox bölgələrində davam edən insan faciələri göstərir ki ; bəşəriyyət silah və zorla heç vaxt xoşbəxtlik qazana bilməz.
Dünyanın inkişafı, xalqların gələcəyi və planetin sabitliyi üçün sülh alternativi olmayan dəyərdir.
Sülh təkcə atəşkəs və ya müharibənin dayandırılması demək deyil — o, qarşılıqlı anlaşma, əməkdaşlıq, humanizm və ədalətin bərqərar olması deməkdir.
Sülh olan yerdə iqtisadiyyat inkişaf edir, elm tərəqqi edir, cəmiyyətlər çiçəklənir və yeni nəsillər gələcəyə ümid və inamla böyüyür.
Bu mənada Azərbaycanın regionda və dünyada yürütdüyü siyasət --- sülhün gücləndirilməsi baxımından xüsusi qeyd olunmalıdır.
Azərbaycan uzun illər davam edən " Qarabağ münaqişəsini" beynəlxalq hüquq çərçivəsində həll edərək , Cənubi Qafqazda real sülhün bərpasına nail olub.
Bu gün Ermənistanla münasibətlərin normallaşması, Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan işlər, regionun kommunikasiyalarının bərpası və iqtisadi əməkdaşlığın genişləndirilməsi --- Cənubi Qafqazı münaqişələrdən deyil ; əməkdaşlıqdan bəhrələnən sabit bir məkana çevirməyi hədəfləyir.
Rəsmi Bakının yürütdüyü düzgün siyasət sayəsində --- faktiki olaraq bölgədə sülh şəraiti mövcuddur.
Hazırda əldə olunmuş sülhün --- hüquqi sənədlə rəsmiləşdirilməsi prosesi gedir.
Bütün bunlar həm regiona, həm də dünyaya göstərir ki, sülh yalnız çağırışlarla deyil ; konkret addımlar və konstruktiv siyasi iradə ilə mümkün olur.
Bu gün bəşəriyyətin əmin amanlığı üçün ən çox tələb olunan dəyər sülhdür.
Sülh yalnız qan axını dayandırmır — o, həyat bəxş edir, gələcək qurur, xalqları birləşdirir.
Dünyanın müxtəlif regionlarında davam edən qarşıdurmalar göstərir ki, zor və güc heç bir problemi həll etmir.
Problemlərin real həll yolu ---- dialoq, əməkdaşlıq, qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlikdir.
Azərbaycanın həyata keçirdiyi – sabitlik, əməkdaşlıq və regional inteqrasiya modeli --- dünya üçün də qlobal səviyyədə nümunəvi yanaşma modelidir.
Bu gün sülhü qorumaq və onu gələcək nəsillər üçün möhkəmləndirmək bəşəriyyətin ən böyük vəzifəsidir.
Sülh --- bəşəriyyətin yeganə xilas yoludur.
Dünyaya sülh lazımdır — çünki sülh insanlığın varlığının təminatıdır.

HƏP sədrinin siyasi məsələlər üzrə müşaviri,
Qəvami Sadıqbəyli,
Xudaferin.eu

15:35