Dünyanın ən böyük amfibiya təyyarəsi ilk uçuşunu yerinə yetirib

 

Çin mütəxəssislərinin hazırladığı dünyanın ən böyük amfibiya təyyarəsi “AG600” ilk uçuşunu uğurla yerinə yetirib.

 

Çin Aviasiya Sənayesi Korporasiyasının (AVİC) istehsal etdiyi 37 metr uzunluğundakı “Kunlong” adlı təyyarə Cuxay şəhərindəki aeroportdan havaya qalxıb və 64 dəqiqə ərzində uçuşunu başa çatdırıb. Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi və ÇXR Dövlət Şurası uğurlu uçuş münasibətilə təyyarəni hazırlayan mütəxəssisləri təbrik edib.

İstehsalçı şirkətin məlumatına görə, maksimal uçuş kütləsi 53,5 ton olan “AG600” təyyarəsi bir dəfəyə 4500 kilometr məsafə qət edə bilər. Saatda 500 kilometr sürətlə uçan amfibiya təyyarəsi 12 saat havada qalır. Təxminən 20 saniyə ərzində 12 ton su toplayan təyyarə həm adi aerodromlara, həm də su səthinə enib qalxmağa qadirdir.

Yanğına qarşı mübarizədə, su hövzələrində monitorinq, mühafizə və xilasetmə işlərində istifadə olunacaq “AG600” cari ilin aprel ayında ilk sınaq uçuşunu da uğurla yerinə yetirmişdi. İstehsalçı şirkət bu tip 17 təyyarənin satışına dair sifariş qəbul edib.

Xudaferin.eu

"Uzaq Doğu Bürosu"

 

09:34