Dünyanın möcüzələr ölkəsi Niderland

Avropanın quzeyində yerləşən bu ölkənin başqa bir adı Niderland Krallığıdır (nid. Koninkrijk der Nederlanden). Şimal dənizinin sahilində yerləşir (sahilin uzunluğu – 451 km). Almaniya və Belçika ilə həmsərhəddir (sərhəddin uzunluğu – 1027 km). Paytaxtı Amsterdam, hökumətin iqamətgahı Haaqa şəhəridir. Digər iri şəhərləri Rotterdam – dünyanın ən iri limanı, Utrext – ölkənin dəmir yolu sisteminin mərkəzi və Eyndhovendir. Niderland xüsusi statusa malik olan Aruba adası və Niderland Antil adaları ilə birlikdə Niderland Krallığını təşkil edir. Bu ərazilər arasındakı münasibətlər 1954-cü ildə qəbul edilmiş "Niderland Krallığının Statusu" (Statuut voor het Koninkrijk der Nederlanden) adlı sənədlə tənzimlənir.

Niderland sözünün etimologiyası

"Niderland" sözünün yerli dildə mənası "alçaq ərazilər" deməkdir. Bu o anlama gəlir ki, okean səviyyəsindən coğrafi baxımdan aşağıda yerləşir. Bəzən Niderland Hollandiya da adlandırılır. Bu adın ölkə üçün istifadə edilməsi düzgün deyil. Çünki, ölkənin 12 inzibati bölgəsindən ikisi Hollandiya adlanır: Şimali və Cənubi Hollandiya. Hollandiya adı əslində yalnız ölkənin şimal-qərb qisimindən Birləşmiş Hollandiya Krallığının ən önəmli əyaləti olan Hollandiya Əyalətindən gəlməkdədir. Qısaca Hollandiya olaraq adlandırılmaqdadır. 19-cu yüzilliyin ikinci yarısından bu əyalət iki əyalətə bölünmüş vəziyyətdədir: Şimali Hollandiya (Paytaxt: Haarlem) və Cənubi Hollandiya (Paytaxt: Den Haag).
Hollandiyanın özündə "Hollandiya" ifadəsi yalnız bu iki əyalət üçün istifadə olunur. Bunun xaricində "Hollandiya" daha çox, insanların özlərinin təyin etdikləri lağlağı bir addır. Hollandiyanın xaricindəki ölkələrdə Hollandiyalılar ümumiyyətlə "Hollandiyalı" olaraq adlandırılarlar və turizim sənayesi və digər sənayelər də ölkələrini "Hollandiya" olaraq satışa çıxarmaqdadırlar. Hollandiya əyalətindən gəlməyən hollandiyalılar, adı verən bölgə olan Hollandiyanın ölkənin geri qalan hissələrində hər kəs tərəfindən sevilmədiyi üçün, "Nederland" üçün "Hollandiya" adına və "Nederlander" üçün "Hollandiyalı" adına müəyyən bir antipatiya bəsləməkdədirlər.

Niderlandın möhtəşəm tarixi

Niderland inqilabı gedişində Utrext Birliyinə bağlı Şimal Hollandiya əyalətləri (Cənub Hollandiya, Zeeland, Utrext, Gelderland, Overijssel, Groningen və Friesland) 26 İyul 1581-ci ildə İspaniya kralı II Filipdən müstəqilliklərini elan etdilər. Sürətlə inkişaf edən Niderland artıq 1600-cü ildə 10.000 gəmiyə malik idi və bütün XVII əsrdə onlar Şimali Avropa donanmasının böyük hissəsini təşkil edirdilər. Onlar İspaniya, Fransa, İngiltərə və Baltik dənizi arasında mal daşıyanlar idilər. Fransa limanları arasındakı yük daşımalarının çoxu hollandların əlində idi. Onlar şərab almaq üçün Bordoda məskən salmışdılar, üzümçülərə borc pul verirdilər və tezliklə Fransanın özündə çoxlu üzüm plantasiylarına sahib oldular. Hollandlar Şpitsbergen ətrafındakı suları tədqiq etmişdilər və demək olar ki, Arktika balina ovunu öz inhisarına almışdılar. Holland gəmiləri Cənubi Amerika yolu ilə Sakit okeana daxil olmuşdular və burada Buynuz körfəzini keçib onu holland dilində Hoorn adlandırmışlar. 1602-ci ildə Ost-İndiya şirkətini yaradaraq onların tacirləri Hindistanda və uzaq Şərqdə getdikcə portuqaliyalıların yerini tutdular. 1619-cu ildə hollandlar Yava adasında Hollandiyanın latın adı olan Bataviya şəhərini saldılar.  Ədviyyat adalarında tapdıqları ingilisləri əzab verərək öldürdükdən sonra hollandlar İndoneziyada qaldılar və buranı tədricən öz müstəmləkələrinə çevirdilər. 1600-cü ildən bir az sonra hollandlar Yaponiyaya gəlib çıxdılar. Lakin xristian nüfuzunun siyasi nəticələrindən qorxan yaponlar 1641-ci ildə hollandlardan başqa digər bütün avropalıları Yaponiyadan qovdular, hollandlara isə məhdud fəaliyyət üçün Naqasaki yaxınlığındakı adada qalmalarına icazə verdilər. Hollandiya iki əsrdən artıq bir müddət ərzində Avropanın Yaponiya ilə yeganə əlaqə həlqəsi olaraq qaldılar. 1609-cu ildə hollandlar Amsterdam bankının əsasını qoydular. O vaxtlar Avropa maliyyəsi xaos vəizyyətində idi, sikkələr təkcə iri monarxlar tərəfindən deyil, Almaniyanın və İtaliyanın kiçik dövlətləri və şəhərləri tərəfindən də buraxılırdı. Hətta özəl şəxslər də öz sikkələrini döydürürdü. Üstəlik, inflyasiya təzyiqləri altında krallar və digərləri adətən öz sikkələrinin dəyərini ona ərinti əlavə etməklə aşağı salırdılar. Tərk edilən köhnə sikkələr yenilərlə birlikdə dövriyyədə qalırdı. Amsterdam bankı bütün şəxslərdən və ölkələrdən belə qarışıq pul əmanətlərini qəbul edirdi, onların mübadilə dərəcələrini müəyyən edirdi, əmanətçilərə icazə verirdi ki, Amsterdam Bankının özünün buraxdığı qızıl florinlərdə bərabər qiymətdə olmaqla öz əmanətlərini götürsünlər. Amsterdam fransız inqilabına qədər Avropanın maliyyə mərkəzi olaraq qaldı. 1648-ci ildə Vestfalya Andlaşmasında Hollandiya vilayətlərinin müstəqilliyi İspaniya tərəfindən tanındı. Bu sonra qurulacaq və  Hollandiyanın yerləşdiyi bölgə idi. Buna qarşı, bu bölgənin cənubunda qalan bölgələr, Flanderler daxil olmaq üzrə, krallıqda qaldı; daha sonra buradan Belçika meydana gəldi. Bu tarixdən sonra Şimal Hollandiyalılar və Cənub Hollandiyalılar üzrə iki cəmiyyətdən bəhs edilməyə başlandı. Vyana Konqresi şimal və cənubu müstəqil bir ölkə olan Hollandiya Krallığı olaraq qısa bir müddət üçün birləşdirdi. Lakin cənub Hollandiyalılar (Flamandlılar) 1830 da müstəqilliklərini Belçika adı altında elan etmişlər. ("Belgica" köhnə bir Roma əyalətinin adıdır və İntibah dövründə bu ifadə, şimal da daxil, Hollandiyanın Latınca adı olaraq istifadə edildi.)

Niderland haqqında bilmədiyimiz gerçəklər

Hollandiyalılar öz sağlamlığı ilə məşhurdur. Burada demək olar ki, mənfi 3 dərəcə temperaturda belə heç kəs isti, yun papaqlardan istifadə etmir, hətta kiçik uşaqlar belə. Hollandiyanın böyük bir hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. Ən aşağı nöqtə dəniz səviyyəsindən 6.7 metr məsafədə yerləşir.
Velosiped ölkədə ən məşhur nəqliyyat vasitələrindən biridir və burada velosipedlərin sayı təqribən 16 milyondur. Ölkənin hər bir vətəndaşı velosipedə sahibdir.
Amsterdamda isə velosipedlərin sayı şəhər sakinlərinin sayını geridə qoyur.
Tez-tez oğurlanan predmetlərdən biri də elə velosipeddir, xüsusən də Amsterdamda. Bu səbəbdən də velosipedlərin oğurlanmaması üçün nəzərdə tutulmuş “açar” velosipedin özündən bahadır.
Demək olar ki, bütün hollandiyalılar ingilis dilini bilir. Mərkəzi və kabel televiziyasında, həmçinin kinoteatrlarda filmlər yerli dildə, ingilis dilində altyazı ilə nümayiş etdirilir. İngilis dili ilə yanaşı, bir çox hollandiyalılar alman və fransız dillərinə də sahibdirlər. Hollandiyada güllər çox ucuz və yüksək keyfiyyətə sahibdir. 50 zanbaqdan ibarət gül buketini cəmi 5 avroya əldə etmək mümkündür.
Ölkə əhalisi qaydalara uyğun yaşayır və heç bir halda qanun pozuntusuna yol vermir. Avtobus dayandığı halda belə, qapıları bağlıdırsa artıq bu ona minmək şansınızın sıfıra bərabər olduğu deməkdir.
Əhali ev və torpaq vergisi ilə yanaşı, hər il daşqınlara qarşı sistemin inşa edilməsi və dəstəklənməsinə də vergi ödəməli olur.
Ölkənin ən yüksək nöqtəsi cəmi 323 metrə bərabərdir.
Hollandiya muzeylər ilə zəngindir. 16 milyon əhaliyə malik ölkədə təqribən 1000 muzey fəaliyyət göstərir.
Hollandiya ən məşhur pivə istehsalçılarından biridir. Ölkə Heineken, Amstel və Grolsch kimi brendlərin vətənidir. Heineken dünyada istehsal edilən pivə həcminə görə 3-cü yerdədir. İçkidən söz düşmüşkən, qeyd edək ki, holland arağı Jenever adlanır.
Hollandiyada xəstə olduğunuzu bildirərək işə getməsəniz, bunun doğruluğunu yoxlamaq üçün evinizə həkim göndərə bilərlər.
Hollandiyada tibbi xidmət ödənişlidir və sığorta ilə ödənilir. Burada hər kəs sığortaya sahib olmalıdır və onun dəyəri 1 ay üçün 100 avro təşkil edir.

Xudaferin.eu

Elman Mustafazadə

11:44