Dünyalarca ünlü “Halı” dərgisi “Azərxalça” ilə əməkdaşlıq edəcək

Xalçaçılıq üzrə ixtisaslaşmış məşhur “Halı” jurnalı “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə əməkdaşlığa başlayıb.

“Azərxalça” ASC-dən bildirilib ki, jurnal yeni 190-cı sayından etibarən öz səhifələrində Azərbaycanda xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən “Azərxalça”dan bəhs edəcək. Cəmiyyətin respublikanın ayrı-ayrı rayonlarındakı filiallarında qədim çeşnilər əsasında toxunacaq Azərbaycan xalçaları reklam olunacaq. Dərgi “Azərxalça”nın fəaliyyətini ənənəvi xalq toxuma üsulunun bərpaçısı və təbliğatçısı, əl ilə toxunan xalçaların kütləvi istehsalçısı, Güney Qafqazda qədim xalçaçılıq ənənələrinin daşıyıcısı kimi işıqlandıracaq.
Qeyd edək ki, “Halı” dərgisi 1978-ci ildən Londonda ildə dörd dəfə nəşr olunur. Burada müxtəlif ölkələrdən olan xalça mütəxəssislərinin, ekspertlərin, kolleksiyaçıların rəyləri, islam və Şərq mədəniyyətinə dair araşdırmalar, tekstil və toxuculuq sahəsinə, toxuma texnologiyalarına, sərgilərə, hərraclara aid xəbərlər, tarixi-etnoqrafik materiallar dərc olunur, dünya muzeylərinin, beynəlxalq xalça bazarının aparıcı şirkətlərinin və müəssisələrinin fəaliyyətindən bəhs edilir.

Xudaferin.eu

 

11:32