Dünya Azərbaycanlılarını qutlama

31 dekabr “Dünya Azərbaycanlılarının Birlik Günü” və 2017 təqvim ilinin daxil olması

münasibəti ilə ulusumuzu təbrik edirik. Azərbaycan Ulusu tarixin son iki yüz ilində param-parça olunmuşdur. Bunun səbəbləri çoxdur. İç savaşlara yol açan xanlıqlarımızın uzaqgörən olmaması, o biri yandan XVIII yüzillikdən başlayaraq, dünyada gəlişməkdə olan yeni iqtisadi, coğrafi və siyasi maraqların antitürk ovqatda köklənməsi ilə bağlıdır. Başqa bir yandan ortaçağ dönəmində biz Azərbaycan Türklərinin nəhəng dövlətlərimizin coğrafi hüdudları içində yabançı təlimlərə, inanclara, kültür dəyərlərinə yuvarlanmağımız olmuşdur. XX yüzildə gəlişən toplumlar kimi özgür dövlət olmanın düzənində ulusal aydınlarımızın irəli sürdükləri dəyərlərlə yenidən toparlandıq. Quzey Azərbaycanda “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ”Nİ qurduq. Güney Azərbaycanda Səttarxanın öndərliyində “Məşrutə Hərəkatı”, Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə “Özgür Azərbaycan Davası”nı irəli sürdük, Seyid Cəfər Pişəvərinin öndəri olduğu “Azərbaycan Milli Hökuməti”ni qurduq. Ancaq, dünya gücləri Quzey və Güney Azərbaycanımızda bütün ulusal hərəkatlarımızı tamamilə diz üstə çökdürdülər. Quzey Azərbaycan “rus-sovet”, Güney Azərbaycan isə, “paniranist”, “panfarsist” və “mollakratiya” rejimlərinin amirliyinə pərçimləndi.
Dəyərli soydaşlarımız! XXI yüzildə öz ulusal kimliklərinə yenidən sahib çıxmaq üçün dünya boyunca ortaçağ dönəmlərində olduğu kimi yenidən böyük dirənişlər ortaya çıxmışdır. Bizlər bu yolda ulusal iradəmizi ortaya qoymaqla hədəflərimizi əldə etmək üçün çox böyük yoldayıq. Tarixdə olduğu kimi, böyük güclər bizlərin bütün olmağımıza qarşı sorunlar yaratmaq taktikasını seçmişlər. Bu, Quzey Azərbaycanda “QARABAĞ”, Güney Azərbaycanda ana dilində təhsil, ekoloji, sosial-iqtisadi sorunlar doktrinasıdır.
Yurd dışında təqribi hesablaramalara görə, dünyanın 150-dən çox ölkəsində toplam 10 milyon nəfər azərbaycanlı insan yaşayır. Son 25 ildə xalqımızın birliyi yönündə bir sıra ictimai qurumlar yaradılsa da, dünya çapında bizlər hələ də ən azından ulusal lobbi düzənini belə qura bilməmişik. Qürbət ellərdə yaşayan soydaşlarımızın sosial-ictimai düşüncə baxımından hələ də uzlaşma və dayanışma düzənində birgə addımlaması çox təəssüflər olsun ki, sorun olaraq qalmaqdadır. Fikrimizcə, bütün bu  sorunları bir ulusal düşüncə birliyi adına hər zaman çözmək mümkündür. Necə deyərlər: “Dərdlərlə baş-başa qalmaqdansa, onların çözümü üçün birgə addımlamaq ən doğru olanıdır”.
Dəyərli yuddaşlarımız, 2017-ci ili bizlər “Dünya Azərbaycanlılarının Ulusal Birlik Hərəkatı”na çevirə bilsək, çox yaxın illərdə dünyanın güclü toplumları sırasında şərəflə və qürurla dayanmaq kimi ulusal iradəmizi göstərə bilərik. Bunun üçün də ulusal birlik, kimlik, kültür, sosiallaşma, sinergetik düzəndə bütünləşmə taktikamız hər birimiz üçün ən yetərli bir yoldur, hədəfdir.
Hamınızı “Dünya Azərbaycanlılarının Birliyi” və 2017-ci il yeni təqvim ilinizi qutlayırıq. Hər birinizin şəxsində, ailənizdə, işlərinizdə, ulusal davamızın yolunda göstərdiyiniz əməyiniz üçün uğurlar diləyirik.

Hər birinizə dərin sayğılarımla:
Elman Mustafazadə,
“Avropa - Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri, “XUDAFƏRİN” dərgisinin və “XUDAFERİN.EU” saytının təsisçisi və baş redaktoru. 

13:00