Dükanlar bağlanır, nisyə dəftərləri daşır

Dükanlar bağlanır, nisyə dəftərləri daşırÖlkədə elə gün yoxdur ki, ərzaq məhsulları bahalaşmasın, iş yerləri bağlanmasın, ixtisarlar xəbəri gəlməsin. Azərbaycanın 2008-2013-cü illərdəki iqtisadi inkişaf tempi sürətlə üzüaşağı gedir. Vəziyyət getdikcə dramatikləşir və artıq ərzaq dükanları bir-bir bağlanmağa başlayır.

Bakıətrafı qəsəbələrdə və kəndlərdə ərzaq mağazaları, kiçik dükanların sahibləri müfisləşdiyi üçün obyektlərini qıfıllayırlar. Buna səbəb həm nisyə dəftərlərinin son vərəqinə qədər dolması, kəndlərdə, qəsəbələrdə camaatın borclarını qaytarmağa imkanı olmaması, digər amil isə əlindəki mayanı da xərcləyən obyekt sahiblərinin topdansatış mərkəzlərindən yeni mallar ala bilməməsidir.

Hazırda Maştağa, Zabrat, Balaxanı, Kürdəxanı, NZS, Binə, Mehdiabad və paytaxt ətrafındakı digər qəsəbələrdə ərzaq dükanlarının tək-tək bağlanması xəbərləri gəlir. Gələn məlumatlarda bildirilir ki, əksər dükanların nisyə dəftərləri dolub-daşır: kimisi çörək, kimisi makaron, kimisi qənd, çay, yağ pulu borcludur. Kənd yerlərində məhəlli münasibətlər var, insanlar bir-birini tanıyır, üz-üzə gəlir, borc verməmək də mümkün olmur, nəticədə külli miqdarda vəsait yığılıb qalır. Marketlərə, mağaza sahiblərinə qeyri-rəsmi tapşırıq gəlib. Onlara göstəriş verilib ki, qiymət artımı sakit və mərhələli şəkildə həyata keçirilsin. Bununla da əhalidə panika və ajiotaj yaranmasın. Nəticə etibarı ilə istehlakçı hər gün mağazaya daxil olanda yeni tariflərlə qarşılaşır.
Antiböhran tədbirlərinin ləng getməsi nəticəsində iri mağazalar, dükanlar, yarmarkalar müflisləşir, bağlanır, minlərlə insan iş yerlərini itirir. Yanvarın 5-dən etibarən “Azərsun” holdinqin məhsullarında 8 faiz bahalaşma qeydə alınıb. Prezident İlham Əliyev süni qiymət artımının yolverilməz olduğunu vurğulayıb. Amma ölkənin aparıcı istehsalat müəssisəsi olan “Azərsun” yeni il girər-girməz bahalaşmaya gedib. Artıq böhranın nəinki üçüncü, beşinci dalğası yaşanır.

Politika.Az

12:16