DTX-dən səs-küylü əməliyyat: Üç terrorçu öldürüldü, İŞİD içimizdədir?

Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanda terror törətmək istəyən şəxslərin saxlanılması üçün əməliyyat keçirib. Ölkədə növbəti səs-küylü, uğurlu anti-terror əməliyyatı baş tutub. Nəticədə üç terrorçu öldürülüb, biri sağ ələ keçib. Bu o deməkdir ki, Azərbaycanda İŞİD və vəhhabi təhlükəsi var. Ölkəmizi təhdid edən dairələr terrorla gözümüzü qorxutmaq istəyirlər. Yaxın Şərq kimi Azərbaycanı da qarışdırmaq və qan gölünə çevirmək istəyən qüvvələrin məkrli planları xüsusi xidmət orqanlarının ayıq-sayıqlığı nəticəsində alt-üst edilir. Bundan qısa zaman əvvəl də DTX əməliyyat keçirmişdi. Yasamal rayonunda yerləşən “Kaktus” restoranı yaxınlığında bir terrorçu öldürüldü, ondan əvvəl də Gəncə, Zaqatala və Xaçmazda anti-terror əməliyyatları keçirilib.

Məlum olduğu kimi, bu günlərdə Misirin məşhur «Əl-Ənbar» qəzeti sensasiyalı iddia ilə çıxış edərək, terror təşkilatı olan İŞİD-in İran, İraq və Qafqazda yerləşmək istrəyindən yazıb. Qəzetin bununla bağlı təhlil apararaq İŞİD-in İran və İraqda düşərgə qurmaq şanslarının minimum olduğunu yazıb. Bu isə terror təşkilatının növbəti dayanacağı kimi Qafqazın daha əlverişli olması anlamına gəlir. DTX ölkədə İŞİD təhlükəsinə qarşı sistemli, rabitəli mübarizə aparır.
Ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və qeydə alınmış fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. Dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q.Dəmirovun, “Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və “Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub. İŞİD təhlükəsi Azərbaycan üçün də həlli vacib məsələlər sırasındadır.

Politika.Az

09:26