“Dərnəgül bazarı” çökür, obyektlər bağlanır

Azərbaycanda iqtisadiyyatın bir çox sahələrində yaşanan iqtisadi böhran tikinti sektorunda da durğunluq yaradıb. Paytaxtda gedən iri tikinti layihələri ilə yanaşı, fərdi tikililər də dayandırılıb. Belə demək mümkünsə, nə dövlətin, nə də vətəndaşın tikintiyə ayıracaq pulu qalmayıb. Bu vəziyyət özünü ilk növbədə tikinti materialları bazarında göstərir. Əgər manatın devalvasiyasından sonra qiymətlərin artması səbəbindən tikinti bazarında durğunluq yaranmışdısa, indi bunun səbəbi insanların iqtisadi durumunun zəifləməsidir. Dolların gündən-gündən bahalaşması tikinti materiallarının qiymətinin də artan templə davam etməsinə səbəb olur. Son bir neçə ayda əksər materialların qiyməti 30 faiz artıb. Alıcılığın aşağı səviyyədə olması, gəlirlərin azalması sahibkarları da bir-bir sıradan çıxarır. Bazarda tikinti materialları satışı bölməsində arabir bir-iki müştəri gözə dəysə də, demək olar ki, real alıcı yoxdur. Bazarın durumunu öyrənmək üçün yan-yana dayanan boş yük maşınlarını, bir yerə toplaşan fəhlələri və sahibkarları görmək kifayətdir. İş olmadığı zaman sahibkarından tutmuş fəhləsinə kimi hamı qazancsız qalır. Dam örtükləri satışı ilə məşğul olan Valeh Əhədov devalvasiyadan sonra alıcılığın ən aşağı səviyyədə olduğunu və bu gedişlə bir çox sahibkarların sıradan çıxacağını bildirdi. Bazarda yaranan durğunluq, müştərilərin az olması burada çalışan yüzlərlə fəhləni də qazancsız qoyur. Tikinti materialları satışı olan mağazalarında fəhləlik edən insanlar yük yığmaqla ailələrinə çörəkpulu aparırlar. Diqqət çəkən məqamlardan biri də odur ki, burada çalışanların əksəriyyəti rayonlardan çörəkpulu dalınca gələnlərdir. Bərdə rayonundan işləməyə gələn 60 yaşlı Əsəd Alıyev ailəsini dolandırmaq üçün fəhləlik etdiyini bildirdi. Bazarda çalışan yük maşınının sürücüsü Afiq Əliyev isə bu gün heç bir sifariş almadığını dedi.

Fins.az

12:45