Dərbənddə Xocalı soyqırımının 25-ci ildönümü anıldı

Xocalı şəhidlərinun ruhu üçün dualar oxundu

 

Dağıstanın Dərbənd şəhərində “Azərbaycan Milli Mədəni Muxtariyyatı” təşkilatının təşəbbüsü ilə Cümə məscidində “Xocalı Soyqırımı” zamanı həlak olan soydaşlarımızın  ruhuna dualar oxunub. Bu münasibətlə keçirilən tədbirdə Dağıstan prezidentinin Güney Dairəsi üzrə nümayəndəsinin müavini Tacəddin Sultanov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədrinin Dağıstan üzrə nümayəndəsi Şəhbəddin Kərimov, Dərbənd Cümə məscidinin imamı Haşım Mirteyyubov və onun müavinləri Məzahir Məmmədov, Nağı Mirteyyubov, Azərbaycan Dram Teatrının direktoru Firdovsi Əsgərov, “Dədə Qorqud”, “Azərros” və “İrs” ictimai təşkiatlarının təmsilçiləri iştirak ediblər.

Şəhabəddin Kərimov çıxışında erməni birləşmələrinin cinayətkar əməllərindən, dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışıb. Bildirib ki, onlar azərbaycanlı olduqlarına görə öldürülüblər. O, qeyd edib ki, bu dəhşət saşan faciəyə heç bir zaman dini rəng vermək olmaz. Ermənilər bir xalq kimi əgər xristianların müqəddəs kitabı “İncil”ə əməl etsəydilər, heç bir zaman XX yüzilin sonunda bu dəhşətli soyqırıma əl atmazdılar. Onlar üçün din siyasi pərdədir. Özlərinin çirkin əməllərini dünya birliyindən gizlətmək üçün irəli sürdükləri siyasi oyundur. Ermənilər 1918-ci ildə başda Dərbənd olmaqla, Dağıstanda da yerli xalqlara qarşı vəhşi əməllərini göstərərək, soyqırımlar törətmişlər. Bizlər bu ağır cinayətləri heç bir zaman unutmadıq. Biz bu anım mərasimində sadəcə Dərbənddə yaşayan azərbaycvanlıların adından deyil, bütün Dağıstan əhalisi adından Azərbaycan Respublikasına baş sağlığı veririk. Bizlər unutmamalıyıq ki, Dağıstan və Azərbaycan sadəcə qonşu deyil, həm də canbir və qəlbbir,bir məkanın insanlarıyıq.    

Haşim Mirteyyubov və Məzahir Məmmədov Xocalı hadisələri barədə xatirələr danışıblar.

Onlar qeyd ediblər ki, Dağıstan azərbaycanlıları böyük ümid edirlər ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Vaxt gələcək ki, Xocalı qətliamını törədənlər layiqli cəzalarını alacaqlar.

Xudaferin.eu
Dağıstan, “Dərbənd Bürosu”

 

09:11