Dövlət sərhədini pozaraq ölkəmizə narkotik vasitə keçirən İran vətəndaşı saxlanılıb

Fevralın 23-də Astara rayonunun Züngüləş kəndi ərazisində dövlət sərhədini qanunsuz keçmiş İran vətəndaşı T.Əbduləli Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin və Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun özü ilə gətirdiyi narkotik vasitəni kənd ərazisində naməlum şəxslərə verdiyi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əbduləlidən narkotik vasitəni almaqda şübhəli bilinən Ərçivan qəsəbə sakini, əvvəllər oğurluq və qəsdən adam öldürməyə görə məhkum olunmuş V.Hacıyeva və Astara şəhər sakini A.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Davam etdirilən tədbirlərlə V.Hacıyevanın yaşadığı evdən 8 ədəd plastik bankaya qablaşdırılan, 2 kiloqram 550 qram heroin, 540 qram marixuana, 64 ədəd “Tropikamid mydrax” göz damcısı, 300 qram metamfetamin və 1000 ədəd “Pregabalin” həbi aşkarlanaraq götürülüb.

AZƏRTAC

18:18