DİZ ÇÖKMƏYİN ƏSL ANLAMI

 

Belçikanın müdafiə naziri Teo Franken Ankarada Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edərkən ehtiram əlaməti olaraq diz çökməsi təssüflər olsun ki, birmənalı qarşılanmadı...

Bu görüntünü hər kəs öz dünyagörüşünə və düşüncəsinə uyğun şəkildə yozdu. Kimi bunu yaltaqlıq, kimi siyasi jest, kimi də başqa cür qiymətləndirdi.

Mən isə bu hadisəyə bir qədər fərqli yanaşacam...

Bəzən biz başqa xalqların adət-ənənələrini, mədəni davranışlarını və ehtiram ifadələrini bilmədiyimiz üçün gördüyümüz hər hərəkətə öz düşüncə ölçümüzlə qiymət veririk. 

Halbuki dünyada ehtiramın ifadə formaları müxtəlifdir. Bir toplumda adi sayılan davranış başqa bir mədəniyyətdə dərin hörmət və ehtiramın rəmzi ola bilər.

Mustafa Kamal Atatürk isə təkcə Türkiyənin deyil, dünya tarixinin ən böyük hərbi və siyasi şəxsiyyətlərindən biridir. Onun böyüklüyünü yalnız qazandığı zəfərlərlə ölçmək doğru olmaz. Böyük sərkərdəni böyük edən amillərdən biri də onun düşməninə münasibətidir.

Müharibə meydanında qarşı-qarşıya gələn insanları sonradan yalnız “düşmən” kimi deyil, insan kimi görə bilmək hər kəsə nəsib olmur. Tarix göstərir ki, Çanaqqala və İstiqlal müharibəsi kimi ağır qarşıdurmalarda yaralı əsirlərə münasibət, həlak olanların dəfn edilməsi və düşmənə belə insanlıq çərçivəsində davranılması Atatürk və onun silahdaşlarının hərbi əxlaqının mühüm cəhətlərindən biri kimi xatırlanır.

Əsl qəhrəmanlıq yalnız qalib gəlmək deyil. Əsl qəhrəmanlıq qalib gəldikdən sonra da insanlığını itirməməkdir. Təssüflər olsun ki, bunu nə çar Rusiyasına, nədə Rusiya Federasiyasına şamil etmək olmaz. Əsirlərlə qeyri-insani rəftarı ermənilərə məhz ruslar təlim etmişdirlər...

Mustafa Kamal Atatürkün və ümumiyyətlə Türk Paşaların böyüklüyünün əsas göstəricilərindən biri odurki onlar heç vaxt, heç bir şəraitdə insanlıqlarını itirməmişdirlər.

Atatürk ölümün qarşısında geri çəkilməyən, öz xalqının taleyini çiyinlərində daşıyan, tarixdə iz qoymuş badir sərkərdə və dövlət qurucusu idi.

Bu səbəbdən Atatürk yalnız Türkiyədə deyil, dünyanın müxtəlif ölkələrində də hörmətlə xatırlanan tarixi şəxsiyyətdir. Onun adına dünyanın müxtəlif ölkələrində ucaldılmış heykəllər, büstlər və xatirə məkanları bunun göstəricilərindəndir.

Amma burada başqa bir məqama da toxunmaq istəyirəm.

Atatürkə münasibətdə bəzən qəribə bir ziddiyyətlə qarşılaşırıq. Dünyanın müxtəlif ölkələrində insanlar onun tarixi xidmətlərinə hörmətlə yanaşdığı halda, bəzi türk toplumlarında ona qarşı hörmətsiz münasibət sərgiləyənlər də tapılır. Ürək ağrısı ilə qeyd edim ki, Amsterdamda ucaldılmış Atatürkün abidəsi, bu ölkədə yaşayan bir neçə dəfə radikal dini Türk gəncləri tərəfindən təhqir edilib. 

Bu, düşündürücü bir məsələdir. Çünki bir insanın tarixi şəxsiyyətə münasibəti onun dünyagörüşünü, mədəniyyətini və dözümlülüyünü də göstərir. Təssüflər olsun ki, Avropada yaşayan və fəaliyyət göstərən Türk dini qruplar Atatürkə bəzəm dözümlü yabaşmırlar... Bu gələcəkdə başqa bir yazının mövzusu ola bilər...

İndi isə qayıdaq Teo Frankenin hərəkətinə.

Atatürkün məqbərəsində diz çökmək hər kəs üçün eyni məna daşımaya bilər. Lakin bunu avtomatik olaraq “yaltaqlıq” və ya “qorxaqlıq” kimi qiymətləndirmək, tərbiyəsizlik əlamətidir. 

Diz çökmək dünyanın müxtəlif mədəniyyətlərində əsrlər boyu ehtiram, təvazökarlıq və minnətdarlıq ifadəsi kimi qəbul olunub. Bu davranışın hər zaman dini məna daşıması vacib deyil. Bəzən insan qarşısındakı şəxsə, onun şəxsiyyətinə və gördüyü böyük işlərə olan hörmətini sözlə deyil, məhz bu cür davranışla ifadə edir. Bu adətin dinlə heç bir əlaqəsi yoxdur. 

Xüsusilə hərbçilər arasında böyük sərkərdələrin, komandanların və qəhrəmanların xatirəsi qarşısında ehtiram göstərmək xüsusi mənəvi anlam daşıyır. Çünki əsgər yaxşı bilir ki, tarixdə bəzi insanlar yalnız öz dövrlərinə deyil, gələcək nəsillərin taleyinə də təsir edirlər.

Ona görə də Teo Frankenin Atatürkün məqbərəsində diz çökərək ehtiram göstərməsini hörmətə layiq bir davranışdır. 

Çünki böyüyün, dahi şəxsiyyətin qarşısında baş əymək insanı kiçiltmir. Əksinə, insanın şəxs olaraq böyüklüyünü, kimə və nəyə hörmət etdiyini göstərir.

Əslində, diz çökən insanın böyüklüyü bəzən məhz orada görünür: o, özünü yox, ehtiram etdiyi dəyəri ucaldır.

Bəs biz öz şəhidlərimizə necə ehtiram göstəririk?

Ümumiyyətlə Azərbaycanda şəhidlərə və qazilərə, eləcə də müharibə iştirakçlarına münasibət ürəkaçan deyil...

Şəhidimizin cənazəsi keçəndə bir anlıq susmaq, yol kənarında dayanmaq, baş əymək, diz çöküb ehtiram göstərmək bizə çoxmu ağırdır? Burada nə əskiklik ola bilər? Xançalımızın daşımı düşər?...

Məncə, yox.

Bizim şəhidlərimiz bu Vətən üçün canlarından keçiblər. Onların qarşısında bir dəqiqəlik sükut, bir baş əymək, bir diz çökmək insanın ləyaqətini azaltmaz. Əksinə, onun vicdanını və mənəvi böyüklüyünü göstərər.

Çünki Vətən uğrunda ölən insanın qarşısında ehtiram göstərmək heç vaxt yaltaqlıq deyil.

Bu, insanlıqdır.

Bu, vicdandır.

Bu, vəfa borcudur.

Və nəhayət, bir həqiqəti unutmayaq:

Diz çökməyin mənası kimin qarşısında diz çökdüyündən asılıdır.

Haqqın, qəhrəmanlığın, fədakarlığın və insanlığın qarşısında diz çökən insan əslində heç vaxt alçalmır. 

Əksinə, bəzən insanın mənəvi ucalığı məhz başını aşağı əyməyi bacardığı anda görünür.

Şəhidlərimizin, qurucu babalarımızın, dahi dövlət xadimlərimizin məzarları önündə baş əymək, bəzən diz çökərək etiram etmək hər birimiz üçün şərəf borcu olmalıdır...

Elman Mustafazade

Xudaferin.eu

16:48