“Diplomat Magazine” jurnalında “Azərbaycan demokratiya və dünyəviliyinin 104 illiyini qeyd edir” adlı məqalə dərc olunub

Avropanın “Diplomat Magazine” jurnalında “Azərbaycan demokratiya və dünyəviliyinin 104 illiyini qeyd edir” adlı məqalə dərc olunub.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın tarixi, iqtisadiyyatı, 44 günlük müharibədən sonra apardığı quruculuq işlərindən bəhs olunub. Bildirilib ki, hazırda hökumətin əsas məqsədi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpası və məcburi köçkünlərin 30 ildən sonra öz doğma yurdlarına qayıtmasıdır. Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru “yaşıl enerji” zonası elan edib. Artıq bir çox xarici şirkətlər bu layihələrdə iştirak edirlər. Regionda yeni nəqliyyat, logistika, ekoturizm, “ağıllı şəhərlər” və “ağıllı kəndlər” kimi layihələrin həyata keçirilməsinə başlanılıb. Məqsəd 2050-ci ilə qədər bölgəni tamamilə yaşıl enerji zonasına çevirməkdir.

Məqalədə vurğulanıb ki, ən qədim zamanlardan ölkə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən körpü olub və bu tendensiya bu gün də davam edir. Coğrafi mövqeyinə görə Azərbaycan əsas nəqliyyat qovşağına çevrilib. Ölkəmiz beynəlxalq və regional səviyyədə mühüm layihələr həyata keçirib.

Həmçinin, məqalədə hökumətin COVID-19 ilə mübarizədə qlobal səylərə qoşulmasından, bu sahədə inkişaf etməkdə olan ölkələrə dəstəyindən söz açılıb. Eyni zamanda, Azərbaycanın sədrliyi çərçivəsində Qoşulmama Hərəkatına üzv ölkələrə dəstəyi vurğulanıb.

Məqalədə ölkəmizin müəllifi olduğu beynəlxalq nəhəng enerji layihələri sadalanaraq, onun Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynadığı qeyd edilib. Eyni zamanda, Ukraynaya göstərdiyi humanitar yardımdan danışılıb.

Vurğulanıb ki, Odlar Yurdu - Azərbaycan dünyada qədim tarixi, mədəniyyəti, milli folkloru, xalçaçılığı, mətbəxi və məşhur Qarabağ atları ilə tanınır. Bu il 270 illik yubileyini qeyd edən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilib.

Şəhla Ağalarova

Xudaferin.eu


 

13:50