Devalvasiyanın ikinci ildönümü

 

Hansı addımlar atıldı və hansı nəticələr var?

Azərbaycan xalqının böhranla tanışlığı uzun illər əvvələ təsadüf edir. Yəni, neft pullarının gəlhagəl vaxtında da, büdcənin indikindən 3 dəfə artıq olduğu dövrdə də ölkə vətəndaşı bir qarınlıq çörək uğrunda mübarizə aparıb. Bəli, “analoqsuz inkişaf”ın fontan vurduğu dövrlərdə də vətəndaş 150-200 manatın ümidinə buraxılıb, talançılıqdan, yalançılıqdan əziyyət çəkib. Amma neftin qiymətinin kəskin ucuzlaşması neft pullarından nəsibini almamış təbəqəni də silkələdi. İş yerləri bağlandı, qiymətlər qalxdı, valyuta ehtiyatları azaldı. Ən əsası isə milli valyuta sürətlə dəyər itirməyə başladı. Azərbaycan xalqının devalvasiya ilə ilk tanışlığı da 2015-ci il fevralın 21-nə təsadüf etdi. “Milli valyuta sabit qalacaq” vədi verənlər, vətəndaşları qəfil qeyri-sabitliklə üz-üzə qoydular. Bundan sonra hökumət yağlı vədlər verməyə başladı. Qənaət rejiminə keçəcəklərini, real islahatlara başlayacaqlarını, ixracyönümlü iqtisadiyyat quracaqlarını bəyan etdilər. Bəli, “böhran bizə təsir etməyəcək” şüarı ilə yola çıxdılar və bu hadisədən 2 il ötdü. Onu da xatrıladaq ki, bu müddət ərzində saysız-hesabsız qurumlar yaradıldı, sərəncamlar imzalandı, fərmanlar verildi. Apellyasiya Şurası, Maliyyə Sabitliyi Komitəsi, Dayanıqlı İnkişaf Şurası da islahatların əsas göstəricisi kimi təqdim edildi.

Bəs, yekunda nə baş verdi və “islahat komandası” ortaya hansı məhsulu qoydu?

2015-ci ilin fevralından sonrakı dövrə nəzər salanda ziddiyyətlər bolluğuyla qarşılaşdıq. Əvvəla, “qənaət edəcəyik” vədi verən hökumət Avropa Oyunlarına milyardlarla dollar xərclədi və büdcəyə ağır zərbə vuruldu. Ardınca, “Formula-1” yarışı keçirildi, futbol üzrə Avropa çempionatına sponsorluq edildi, müxtəlif ölkələrdə dəyəri yüzmilyonlarla ölçülən abadlıq işləri görüldü və bir neçə yarışa ev sahibliyi etmək öhdəliyi götürüldü. Yəni, ölkənin ən ağır vaxtında da hökumət faydasız səxavətindən əl çəkmədi. Amma bütün bunlar azmış kimi ərzaq məhsullarının qiyməti bahalaşdı, kommunal xərclər artırıldı, cərimələr sərtləşdirildi. Beləliklə, onsuz da ağır vəziyyətdə olan vətəndaşa daha ağır zərbə vuruldu və ikinci devalvasiya özünü yetirdi. İkinci devalvasiya daha böyük miqyasda oldu və bütün ümidləri öldürdü. Bundan sonra iş adamlarının ölkəni sürətlə tərk etməsinin, bank sisteminin tamamən sıradan çıxmasının, xarici şirkətlərin ölkədəki fəaliyyətini dayandırmasının, iqtisadiyyatın bütün sahələrində göstəricilərin aşağı düşməsinin şahidi olduq. Eyni zamanda dövlətin xarici borcu artdı, beynəlxalq aləmdə ölkənin nüfuzu daha da pisləşdi, iqtisadi göstəricilərə görə qonşu Ermənistan və Gürcüstandan da geri qaldıq.

2016-cı ilin sentyabrında Konstitutisaya mürtəce dəyişikliklər edildi, Referendum keçirildi və xalqı inandırmağa çalışdılar ki, bu seçkilərdən sonra inkişafımız fontan vuracaq. Amma Referndumdan sonrakı dövr daha ağır fəsadlara yol açdı. İntiharlar çoxaldı, təhsil və səhiyyə sahəsində rüsvayçı mənzərə üzə çıxdı, repressiyalar davam etdi, ölkə iqtisadiyyatına sərmayə qoyuluşu kəskin azaldı və “MTN işi”, “Nardaran işi” məhkəmələri göstərdi ki, mövcud sistemlə ancaq bataqlığa getmək olar. Bəli, qanunların işləmədiyi, korrupsiyanın hökm sürdüyü, monopoliyanın meydan suladığı ölkədə heç bir islahatdan söhbət gedə bilməz. Ümumiyyətlə, “islahat” anlayışı korrupsiyayla, monopoliyayla, qanunsuzluqla ziddiyət təşkil edir. Əgər bu neqativ ənənələr mövcuddursa, “anti-böhran tədbirlərinə başlamışıq”, “islahat aparırıq” vədləri yalnız imitasiya xarakteri daşıya bilər.

Beləliklə, birinci devalvasiyadan iki il ötdü və hökumətin bütün cəhdləri ölkəni daha ağır böhrana salmaqla nəticələndi. İndi əminliklə demək olar ki, bu müddət ərzində 3 devalvasiya müşahidə etdik və proses davam edir. Yəni, birinci devalvasiyadan sonrakı “fəaliyyət” manatın 3-cü devalvasiyasını reallaşdırdı. Bir sözlə, devalvasiyanın ikinci il dönümünü də yola verdik. Xalqa danışılan nağıllardan sonra göydən alma əvəzinə, böhran töküldü. Axır qəmimiz olsun….

İlham
Azadliq.info

 

09:19