Deputat: Prezident İlham Əliyevin Gəncədə səsləndirdiyi hər bir fikrin arxasında Azərbaycanın güclü iradəsi, qətiyyətli mövqeyi dayanır

Bir neçə gün əvvəl Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə 18-ci dəfə Gəncə şəhərinə səfər etdi. Səfər zamanı dövlətimizin başçısı çox mühüm obyektlərin açılışını etdi və ya təməlqoyma mərasimlərində iştirak etdi. Prezident İlham Əliyevin Gəncədə AZƏRTAC-a verdiyi müsahibədə səsləndirdiyi hər bir fikrin arxasında Azərbaycanın qətiyyətli mövqeyi, güclü iradəsi və dəmir yumruğu dayanır. Dövlətimizin başçısının açıqlamalarında Azərbaycanın strategiyası, bölgədə və dünyada həyata keçirdiyi siyasət, sadiq qaldığı ideoloji təməllər özünü göstərir. Bütün bunlarla yanaşı, biz artıq postmüharibə, sülh dövrünü yaşayırıq. Hazırda quruculuq işləri həyata keçiririk. Hətta bu işlər, sadəcə, ölkə deyil, bölgə və dünya səviyyəsindədir. Təkcə Azərbaycan xalqının deyil, ümumilikdə bölgədə yaşayan xalqların gələcəyinə hesablanmış böyük layihələr həyata keçiririk.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva ifadə edib.

Deputat, həmçinin bildirib: “Biz hətta 32 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanı da bu layihələrdə nəzərə almışıq. Bütün bunlar sülhün bərqərar olması və bölgənin inkişafı ilə bağlıdır. Lakin elə bu fikrin ardınca digər əhəmiyyətli bir məqamı vurğulamaq yerinə düşərdi. Dövlətimizin başçısının da bildirdiyi kimi, bütün bunlar o demək deyil ki, biz bu işğalın səbəb olduğu məhrumiyyətləri unudacağıq. Biz “unutsaq, unudularıq” prinsipini heç bir zaman unutmamalıyıq. Ötən əsrdə məhz ermənilərin mənfur siyasəti nəticəsində öz doğma torpaqlarından deportasiya olunan vətəndaşlarımızın düçar olduqları məhrumiyyətləri də unutmamalıyıq. Ötən əsrin sonlarında - 1990-cı illərdən etibarən həyata keçirilən 32 illik işğal siyasəti nəticəsində həm Azərbaycana, həm də bölgəyə böyük ziyan dəyib. Bu hadisələrin unudulması isə bölgənin yenidən təhdid altına düşməsi deməkdir. Bu günümüzə görə ölkəmizdə və bölgədə sülhün təminatçısı olan Prezident İlham Əliyevə borcluyuq. Nə qədər ki, Azərbaycanın xilaskar Prezidenti, qəhrəman Ordumuz, dövlətinə və ordusuna güvənən xalqımız var, biz hər zaman inamla irəliləyəcək və inkişaf edəcəyik. Azərbaycan bölgənin, dünyanın bugünkündən daha möhtəşəm şəkildə parlayan ulduzuna çevriləcəkdir”.

Xudaferin.eu

15:50