Deputat: Ermənilər və onlara yardım edənlər əsrlər boyu xalqımıza qarşı nifrət siyasəti həyata keçiriblər

Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına (Aİ) sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə dövlətimizin başçısı müzakirələr zamanı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi məsələsinə xüsusi olaraq diqqət çəkib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov söyləyib.

Deputat bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşən vətəndaşlarımızın sayı 4000 nəfərə yaxındır. Hələ də onların taleyi barədə heç bir məlumat yoxdur. Amma insan hüquq və azadlıqlarını guya qorumağı öz siyasətlərinin əsas tərkib hissəsi hesab edən bu Qərb funksionerləri xalqımızına qarşı törədilən faciələrə susurlar. Biz 30 il ərzində dünyaya erməni faşizmi insanlığa qarşı soyqırımı törədib, mülki vətəndaşlarımızı qətlə yetirib, torpaqlarımızı işğal edib deməyimizə baxmayaraq, yenə də səsimizə səs verən bir kimsə olmadı. Əlbəttə, azərbaycanlılara qarşı baş vermiş qətliamlar və dəhşətli qırğınlar təkcə son 30 ildə baş verməyib. Əsrlər boyu ermənilərin və onlara yardım edənlərin xalqımıza qarşı davam etdirdiyi nifrət siyasəti on minlərlə dinc insanın etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə xüsusi amansızlıqla qətlə yetirilməsinə, itkin düşməsinə səbəb oldu.

“Erməni işğalından azad olunmuş ərazilərimizdə kütləvi məzarlıqlar və orada basdırılmış insanlarımızın qalıqları tarix üçün erməni vəhşiliyinin daha bir sübutudur. Bu günlərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkarlanan insan qalıqlarının Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid olduğu ehtimal olunur. Bunlar demək olar ki, sübut olunmuş faktlardı. Bu faktlar hər bir Azərbaycan vətəndaşına beynəlxalq ictimaiyyəti vətəndaşlarımıza qarşı qəsdən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə hüquqi normalar əsasında qiymət verilməsinə nail olanadək mübarizə aparmağa səsləyir. Çünki bu cinayəti törədənlər hələ də ortadadırlar”, - deyə İ.Məmmədov vurğulayıb.

Xudaferin.eu

12:51