Deputat: Azərbaycanın sabitlik və sülh tərəfdarı olduğunu artıq bütün dünya görür və bilir

Bir neçə gün əvvəl Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışı zamanı mühüm tarixi məqamlara diqqət çəkdi. Dövlətimizin başçısı ölkəmizin müstəqillik qazanmasından 104 il ötdüyünü qeyd edərək, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinin ehtiramla yad olunduğunu vurğuladı.

Prezident İlham Əliyev XX əsrin sonlarında bərpa edilən müstəqilliyimizin möhkəm olmaması səbəbindən xalqımızın böyük faciələrlə üzləşdiyini bildirərək, həm Şərqi Zəngəzurun, həm də Qarabağın işğala məruz qaldığını vurğuladı. Bildirdi ki, ovaxtkı səriştəsiz hakimiyyət torpaqlarımızı qoruya bilmədi və xalqımızı ciddi problemlərlə üz-üzə qoydu.

Deputat bildirib ki, əslində, Azərbaycanın əsl müstəqilliyi xalqımızın 1993-cü ildə ulu öndər Heydər Əliyevə müraciətindən və onun hakimiyyətə gəlməsindən sonra başlayıb. Əsl müstəqillik müstəqil siyasət yürütməkdir. Məhz əsasını ulu öndər Heydər Əliyevin qoyduğu müstəqil siyasət nəticəsində Azərbaycan ildən-ilə güclənməyə başladı. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət isə Azərbaycanın daha da güclənməsini təmin etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.

C.Osmanov vurğulayıb ki, bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən müstəqil ölkələrindən biridir. Müasir dünyada belə ölkələrin sayı o qədər də çox deyil. Ancaq Azərbaycan tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyac duymur. Bu amil ölkəmizin güclü iqtisadiyyata malik dövlət olduğunu deməyə əsas verir. “Dövlətimizin başçısı çıxışında bu gün dünyada güc amilinin ön planda olduğunu bir daha qeyd edərək, daha güclü olmağın vacibliyini vurğuladı. Güc amilinin dünyada hakim olduğunu nəzərə alan Prezident İlham Əliyev ölkəmizin daha da gücləndirilməsi üçün daim çalışır. Azərbaycanın hərbi potensialının artırılması da dövlətimizin prioritet istiqamətlərindəndir. Müharibədən sonra yeni silahlı birləşmələrin yaradılması və yeni texnikaların alınması bu məqsədlərə xidmət edir. Azərbaycanın hərbi gücünü artırması müdafiə və təhdidlərdən qorunmaq məqsədi daşıyır. Çünki Azərbaycan sabit, təhlükəsiz diyardır və hər zaman sülhün tərəfdarıdır. Bunu artıq bütün dünya görür və bilir”, - deyə deputat vurğulayıb.

O xatırladıb ki, ölkəmiz erməni işğalına məhz müstəqil və güclü olması sayəsində son qoya bildi. Artıq münaqişə həll olunub və Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Azərbaycanın təqdim etdiyi gündəlik artıq beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Bir sözlə, postmünaqişə dövründə gündəliyi Azərbaycan müəyyənləşdirir.

İndi qarşıda mühüm məsələ - sülh sazişinin bağlanması, Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Sərhədlərin müəyyənləşdirilməsi avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ Azərbaycanın ərazisidir və bütün dünya bunu belə qəbul edir. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var. Ermənistan anlamalıdır ki, Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir.

Zəngəzur dəhlizinin açılmasının önəminə də toxunan C.Osmanov qeyd edib ki, son Brüssel görüşündə artıq həm dəmir yolu, həm də avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi məsələsi razılaşdırılıb. Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməli, ərazi bütövlüyü qarşılıqlı surətdə tanınmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır.

“Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı bir ölkə olduğunu bildirən dövlətimizin başçısı ermənilərin Azərbaycanda yaşamasına dair heç bir problemin olmadığına da diqqət çəkdi. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Azərbaycanda milli, dini zəmində heç vaxt ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Rusiya-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülərək Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının da heç bir əsası olmadığını vurğulayan Prezident İlham Əliyev bunun qanunsuz və düşünülmüş addım olduğunu qeyd etdi”, - deyə deputat diqqətə çatdırıb.

C.Osmanov qeyd edib ki, Azərbaycan 44 gün ərzində həm ərazi bütövlüyünü, həm ədaləti, həm də xalqımızın milli ləyaqətini bərpa etdi. İşğaldan azad olunmuş ərazilərdə bu gün bərpa-quruculuq işləri sürətlə davam edir. Birinci pilot layihə isə məhz Zəngilanın Ağalı kəndində icra edildi. Bir il bundan əvvəl inşaat işlərinin başlandığı Ağalıda indi 200 evdən ibarət “Ağıllı kənd” salınıb. Kənddə yaşayış üçün lazım olan bütün infrastruktur yaradılıb. Bundan əlavə, kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşası nəzərdə tutulur. Eyni zamanda, Zəngilan ərazisində dəmir yolları, avtomobil yolları çəkilir, hava limanı tikilir və böyük aqropark salınıb. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələri dayanmadan genişlənir.

“Azərbaycan xalqının bundan sonra müzəffər xalq kimi yaşayacağını bildirən Prezident İlham Əliyev Ağalı kəndindən olan sakinlərlə görüşdə gənclərin öz dədə-baba yurduna qayıtmağa çox həvəsli olduqlarını vurğuladı. Dedi ki, 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımız dövlətimizin gücü və qüdrəti sayəsində minalardan təmizlənir, kəndlər salınır, yollar çəkilir, bir sözə, insanların yaşayışı üçün əlverişli şərait yaradılır”, - deyə Cavid Osmanov bildirib.

Xudaferin.eu

15:50