Deputat: Azərbaycan dövlətinin sosialyönümlü siyasəti davamlıdır

Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Dövlətimizin başçısının yeni fərman və sərəncamları bu sahədə, xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasına imkan yaradıb.

Azərbaycan Prezidentinin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il oktyabrın 16-da imzaladığı Sərəncamına əsasən yeni islahatlar mərhələsinə başlanılıb. Bu islahatlar üzrə əməkhaqlarında, müavinət və təqaüdlərdə artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq. 2,1 milyondan çox şəxsi əhatə edən yeni artımlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. Yeni fərman və sərəncamlarla müavinət və təqaüd artımı əhalinin bütün təbəqələrini əhatə edəcək.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin yeni fərman və sərəncamları əhalinin, xüsusilə həssas qrupların gəlirlərinin artımını təmin edir. Pandemiyanın davam etməsinə, habelə postmüharibə dövrü olmasına baxmayaraq, ölkəmizdə sosial islahatlar uğurla davam edir. Əslində 2018-2019-cu illərdən başlanan həmin sosial islahatların vacib istiqaməti və tərkib hissəsi birbaşa həssas təbəqələrin gəlirlərinin artırılmasına hədəflənib. İlk mühüm sosial islahat tədbiri minimum əməkhaqqının 300 manata çatdırılmasıdır.

Minimum əməkhaqqının artırılması əmək bazarına da birbaşa təsir edir, işçi qüvvəsinin məhsuldarlığını artırır. Eyni zamanda, vətəndaşların öz əmək hüququndan istifadə etməsi üçün onunla əmək müqavilələri bağlanılmalıdır ki, işçi bundan irəli gələn imtiyaz və güzəştlərdən istifadə edə bilsin. Minimum əməkhaqqı artdıqca əmək müqavilələrinin bağlanılması daha cəlbedici olur. Əmək müqavilələrinin bağlanılması ilə onlar əməkhaqqının vaxtlı-vaxtında və sistemli şəkildə almaq imkanı qazanırlar, xəstələnəndə müavinət ala bilirlər, məzuniyyət və pensiyaya çıxanda pensiya kapitalından istifadə edirlər. İşin bu cür təşkili həm dövlət, həm də özəl sektorda rəqabətə də təsir edəcək.

“Sosial islahatlar aparılarkən onlar müxtəlif müstəvidən qiymətləndirilir və hesablamalar aparılır. Yaxşı haldır ki, həmin artımlar inflyasiyanı üstələyir. Son 3-4 ildə aparılan sosial islahatlara baxsaq, onların minimum əməkhaqqı, minimum pensiya, son 3-4 ildə alınan təqaüdlərə baxsaq, onların da məbləğinin iki dəfə artdığını görərik. İndi minimum əməkhaqqından söhbət getsə də, minimum pensiyalar da son üç ildə iki dəfə artıb. Ən həssas təbəqələrin gəlirlərinə təsir göstərən sosial alətlər və sosial ödənişlər artırılır. Son dörd ildə sosial ödənişlər ümumilikdə 60 faiz, pensiya xərcləri 50 faizdən çox artıb. Ümumilikdə son üç il on ay ərzində sosial ödənişlərin xərcləri təqribən illik 2,4 milyard manat artıb. Bu, ondan irəli gəlir ki, sosial islahatların əsas mənbələrindən biri sosial rifahın yaxşılaşdırılması, gəlirlərin artırılmasıdır.

Bu, həm də onun göstəricisidir ki, Azərbaycanda sosialyönümlü siyasət davam edir. Dövlətimizin başçısının Sərəncamı əməkhaqqı artımını təmin etməklə bu sahədə növbəti addımdır və növbəti ildə də bu sahədə islahat və dəstək tədbirləri davam etdiriləcək”, - deyə deputat bildirib.

Xudaferin.eu

12:56