Daşkənddəki Mirzə Uluqbəy adına Akademik Litseydə “Azərbaycan Günü” keçirilib

 

Ölkəmizin Daşkənddəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Mirzə Uluqbəy adına Akademik Litseydə “Azərbaycan Günü” keçirilib.

 

Litseyin direktoru Səyyarə Xocayeva belə tədbirlərin keçirilməsinin artıq ənənə halı aldığını bildirib. O deyib ki, şagirdlərimiz hər tədbirdə bir ölkənin tarixi, mədəniyyəti, incəsənəti ilə tanış olur. Bugünkü tədbirdə isə Azərbaycanın adət-ənənələri, mədəniyyəti ilə tanış olacağıq. AMM direktorunun müavini Polad Zeynalov Azərbaycan ilə Özbəkistan arasında tarixi dostluq, mədəni, ədəbi əlaqələrdən danışıb, son zamanlar ölkəmizdə aparılan islahatlar, ölkəmizin neft strategiyası, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğal nəticəsində mədəniyyətimizə, tarixi abidələrimizə dəyən zərər barədə məlumat verib.

Tədbirdə çıxış edənlər Bakıda keçirilən Avropa və IV İslam Həmrəyliyi Oyunları, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, Formula-1 yarışları, Bakı Şopinq Festivalları və digər tədbirlər, ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, milli musiqi alətləri haqqında söhbət açıblar.

Həmçinin xalq artisti Müslüm Maqomayevin həyat və yaradıcılığı haqqında söhbət açılıb, ölməz müğənninin ifasında “Azərbaycan” mahnısı səsləndirilib, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından bir səhnə göstərilib. Sonra litseyin şagirdlərinin hazırladığı Azərbaycan xörəkləri nümayiş etdirilib. “Azərbaycan qızları” rəqs ansamblının üzvləri “Qarabağ” və digər rəqslərimizi ifa edib. Onların ifası alqışlarla qarşılanıb.

 

Xudaferin.eu

Özbəkistan, "Daşkənd Bürosu"

 

10:09