Daşkənddəki Festivalda Azərbaycan rəssamı da iştirak edib

 

İncəsənət bayramında Azərbaycan, Almaniya, Böyük Britaniya, İran, İtaliya, Çin, Kore, Rusiya, Latviya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələrin rəssamları, sənətşünaslar, saxsı sənəti üzrə sənətkarlar, tələbələr, həmçinin Daşkənddəki diplomatik korpusun üzvləri iştirak ediblər.

Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nuriddinov bu münasibətlə sənətkarları və iştirakçıları təbrik edib. O deyib ki, milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasında sənətkarların rolu əvəzsizdir. Belə ki, onlar ölkənin mədəniyyətini və incəsənətini inkişaf etdirir. YUNESKO-nun daimi eksperti Dinara Çoçunbaeva bildirib ki, Özbəkistanda tətbiqi incəsənətin inkişafı, milli mənəvi dəyərlərin qorunması digər ölkələr üçün nümunə ola bilər.

Özbəkistan incəsənət ustalarının konsertindən sonra festivalın rəsmi açılış mərasimi olub. Festival çərçivəsində sərgilər, ustad dərsləri, təqdimatlar, yaradıcılıq müzakirələri, müxtəlif görüşlər, konfranslar və dəb nümayişləri də olacaq. Ölkəmizi bu festivalda İnna Kostina təmsil edir. Rəssamın sərgidə nümayiş etdirilən 9 əsəri münsiflər heyəti və tamaşaçıların diqqətini cəlb edib. Festival noyabrın 11-dək davam edəcək.
 

Xudaferin.eu

Özbəkistan, "Daşkənd Bürosu"

 

10:09