Ədalət Turan: Ulu öndər Heydər Əliyev bütün ömrünü Azərbaycana xidmətə həsr edib

Müasir Azərbaycanın qurucusu, görkəmli dövlət və siyasət xadimi ümummilli lider Heydər Əliyevin aramızdan ayrılmasından 18 il ötür. İstər SSRİ dövründə, istərsə də müstəqillik illərində bütün ömrünü Azərbaycana xidmətə həsr edən ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyində Azərbaycan ölkədaxili qarşıdurmalar təhlükəsi, Qarabağın işğalı və iqtisadi böhranla qarşı-qarşıya idi. Təcrübəli bir dövlət xadimi olan Heydər Əliyev düzgün qərarlar və yürütdüyü uğurlu siyasəti ilə ölkəni dirçəltməyə, iqtisadiyyatı, ordunu gücləndirməyə müvəffəq oldu.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Ədalət Turan bildirib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın qədim mədəniyyəti milli mirasının yenidən inkişafı üçün çox böyük xidmətlər göstərdiyini xatırladan Ədalət Turan deyib: “Azərbaycanın tarixi Qarabağ bölgəsinin ermənilər tərəfindən işğalına qan tökülmədən son qoyulması üçün beynəlxalq hüququn bütün yollarına əl atan Ulu Öndər bununla yanaşı, hazırda dünyada özündən söz etdirən, bölgənin ən güclü Ordusunun təməllərini də qoydu. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Qarabağın işğalına son qoydu. Bu, bütün türk dünyası üçün və türk milləti üçün qürur mənbəyidir”. Federasiyanın rəhbəri qeyd edib ki, hazırda Azərbaycan Ümummilli Liderin başlatdığı diaspor fəaliyyətləri ilə bütün dünyaya öz sözünü çatdıra bilir.

“Türkiyə ilə Azərbaycan arasında qurulan sarsılmaz dostluq və qardaşlıq bağlarının da memarı ulu öndər Heydər Əliyevdir. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq ümummilli liderimiz Heydər Əliyevin prinsip və xüsusilə bizlərə miras qoyduğu “Bir millət, iki dövlət” şüarını iki ölkə arasındakı qardaşlıq bağlarını yaşatmaq üçün əlimizdən gələni edirik. Ulu Öndərimizi rəhmət və minnətlə yad edirik”, - deyə Ədalət Turan bildirib.

Günel Məlikova

Xudaferin.eu

12:29