Daha bir alim plagiat dərslik qovğasına qoşuldu - Nazirlik isə “erməni tarixi” haqda susur...

 

10-cu sinif "Azərbaycan tarixi” dərsliyinin plagiat olması ilə bağlı müzakirələrə daha bir tarixçi-alim qoşulub. Tarixçi Dilavər Əzimli bildirib ki, 2017-ci ilin 10-cu sinif "Ümumi tarix” və "Azərbaycan tarixi” dərslik layihələri çox qüsurludur. Onun sözlərinə görə, dərsliklər Tədris resurslarının idarə olunmasının məlumat sistemindəki ictimai müzakirədən çıxarılıb.

 

D.Əzimli qeyd edib ki, 10-cu sinif "Azərbaycan tarixi” dərslik layihəsində verilmiş xəritələrin çoxu qüsurludur və çoxlu sayda təhriflər var: "Dərsliyin 18-ci səhifəsində verilmiş xəritədə Manna dövlətinin hansı əraziləri əhatə etməsi dəqiq əks olunmayıb. 49-cu səhifədəki xəritədə Uti vilayətinin ərazisi düzgün göstərilməyib. 62-ci səhifədə xəritədə Sacilər və Salarilər dövlətlərinin eyni zamanda Azərbaycanın müxtəlif yerlərində mövcud olduğu əks olunub. Bu da mətnin anlaşılmasına dolaşıqlıq yaradır. Həmçinin Zəncanın yeri doğru verilməyib. Mətndə Zəncandan Azərbaycanın ən cənub məntəqəsi kimi bəhs edildiyi halda, bu xəritədə Ərdəbil şəhərinin yanında göstərilib.

81, 82, 105 və 109-cu səhifələrdə verilmiş xəritələrdə yanlışlıqla İran körfəzi əvəzinə Fars körfəzi yazılıb. Dərsliyin mətnində çoxlu sayda orfoqrafik və üslub xətaları mövcuddur”.

Tarixçi konkret faktlar təqdim edib: "Məsələn, 8-ci səhifədə 1-ci abzasın son cümləsində inkiçafı yox, inkişafı yazılmalıdır, 10-cu səhifədə "ağıllı ağıllı adam” (Homo sa­piens sapiens) yox, "ağıllı adam” (Homo sa­piens) yazılmalıdır, 18-ci səhifədə verilmiş xəritədə "Aşşur çarlığı”, "Skif”, mətndə "Assuriya”,"İskit” ifadəsi işlədilib, 24-cü səhifədəki xəritədə isə İskit şahlığı, Aqbatana, mətndə İskit çarlığı, Ekbatanverilib, 111-ci səhifədə mətndə bir yerdə "Venetsiya”, beş sətir sonra "venesiyalılar”, səhifənin sonunda yenə "Venetsiya” yazılıb”.

10-cu sinif "Azərbaycan tarixi” dərsliyinin plagiat olması ilə yanaşı heyrət doğuran məqam saxta erməni tarixinin tədrisə salınmasıdır. Tarixçi-alim Leyla Hüseynova məqaləsində yazıb ki, dərslikdə "böyük Ermənistan” olduğuna əsassız arqument verən sətirlər var: "Dərslik layihəsinin 43-cü səhifəsində yazılıb: Alban tarixçisinə görə, o, (yəni Urnayr) "böyük müharibələrdə sələflərinin şanlı adına varis çıxaraq, Ermənistanın içərilərində qələbə bayrağı sancan rəşadətli ər” idi. Bununla siz şagirdlərə nə təbliğ edirsiniz?

IV əsrdə Ermənistan adlı dövlət var idi? Məlumdur ki, mənbə Musa Kalankatlıya əsaslanır. Şagirdlərə təqdim ediləcək başqa mənbə yoxdur? Mənfur qonşuların tarixini qədim dövrə çəkməklə, gələcəyimiz olan şagirdlərə bunu yeritməklə nəyə nail olmağa çalışırsınız? Sizin müraciət etdiyiniz mənbə və elmi iddialar haqqında elmi müstəvidə hələ də mübahisələr bitməyib.

Dərslik şəxsi mövqe yeri deyil. Əgər siz IV əsrdə Ermənistan adlı dövlət olduğunu qəbul edirsinizsə, bu sizin öz işinizdir. Əgər erməni çarlığını nəzərdə tutursunuzsa, onun Azərbaycana heç bir aidiyyəti yoxdur. Bilməlisiniz ki, sizin dərsliyin rus dilindəki variantından (dərsliklər çap olunduqdan sonra pdf formatında portallara yerləşdirilir) mənfur qonşular həmin cümləni götürüb bütün internet portallarında yayıb sübut edəcəklər ki, artıq Azərbaycan dərsliklərində də "qədim böyük Ermənistan”ın varlığı etiraf edilir. Beləliklə, siz saxta Ermənistan tarixinə haqq qazandırmış olursunuz”.

Dərsliyin həmmüəlliflərindən biri olan Kamran Əsədov isə iddiaları rədd edir. Göründüyü kimi, bir neçə gündür tarixçi-alimlər plagiat dərslik haqda ittihamlar və faktlar irəli sürür, çağırış edirlər. Amma Təhsil Nazirliyi "ağzına su alıb, oturub”. Nazirlik plagiatlıq bir yana, saxta erməni tarixi ilə bağlı məsələyə də münasibət bildirmir. Nazirliyin mətbuat xidməti rəhbəri Cəsarət Valehov ənənəvi olaraq yenə də zənglərə ya cavab vermir, ya da telefonu söndürüb. Bu gün də onunla əlaqə saxlamağa cəhd etdik, telefonu söndürülmüşdü. C.Valehov jurnalistlərdən qaçır, zənglərə doğru-düzgün cavab vermir, suallardan yayınır. Ancaq bu dəfə ortada ciddi fakt var - saxta erməni tarixi plagiat dərslikdə göz deşir və alimlərin çağırışına nazirlik rəsmiləri barmağını da tərpətmir.
 

Emil

BakuPost

 

09:25