Dağıstanın azərbaycanlı kökənli rəhbəri məmur həbslərinə başladı

Dərbənddə yaşayan həmyerlilərimiz Vladimir Vasilyevin gördüyü işlərdən razıdırlar

Dağıstan paytaxtının meri Musa Musayevin həbsi qonşu respublikada geniş rezonans doğurub. Belə ki, milliyyətcə dargin olan Musa Musayev Dağıstanda nüfuz sahibidir. Onunla bağlı istintaq araşdırmalarının getdiyi xəbəri yayılandan sonra son ana qədər kimsə Musa Musayevin qandallanacağına inanmayıb. Yanvarın 19-da onun iş yerində və mənzillərində istintaqçılar axtarış aparıblar. İstintaqçılar Musa Musayevin Mahaçqala meriyasındakı kabinetinə axtarış üçün gələrkən, o, qapını bağlayaraq istintaq hərəkətlərinə mane olub.

Buna baxmayaraq, onun kabinetinin qapısı sındırılıb və oradan sənədlər götürülüb. Kabinetindən əli qandallı çıxarılan Musa Musayev məhkəməyə aparılıb və barəsində 10 günlük həbs-qətimkan tədbiri seçilib,  istintaq təcridxanasına yerləşdirilib. Onun barəsindəki qətimkan tədbirinin müddətinin uzadılacağı da istisna deyil. Musa Musayev dövlətə məxsus torpaq sahəsini tikinti şirkətlərindən birinə 1 milyon rubl rüsum qarşılığında verib. İstintaqçılar onun bu hərəkətinin qanunsuz olduğu qənaətindədirlər. Müstəqil qiymətləndiricilər həmin torpaq sahəsinin real bazar dəyərinin 81 milyon rubl olduğu haqda rəy veriblər. Hazırda Dağıstanda Rusiya İstintaq Komitəsinin 38 nəfərlik qrupu araşdırma aparır. Qrup üzvləri Dağıstanda ayrı-ayrı rayonların rəhbərlərinin fəaliyyətini yoxlayır və müvafiq addımlar atılır.

 

Belə məlumatlar da var ki, mart ayında Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Dağıstanda bir çox rayonların rəhbərləri dəyişdiriləcək. Hazırda Dağıstan başçısı vəzifəsini Vladimir Vasilyev müvəqqəti icra edir. Onun prezident seçkilərindən sonra başçı vəzifəsinə təsdiqlənəcəyi də gözlənilir.

Vladimir Vasilyevin təyinatına qədər Dağıstana əsasən 3 xalqın avar, dargin və kumıklaırn nümayəndələri rəhbər təyin olunublar. 1945-ci ildən 1948-ə qədər Dağıstan rəhbəri azərbaycanlı Əziz Əliyev olub. Ötən ilin oktyabrında Ramazan Abdulatipov istefaya göndəriləndən sonra onu bu postda ləzgi Sergey Məlikov və ya dargin Maqomedsalam Maqomedovun əvəzləyəcəyi gözlənilirdi. Amma çoxillik təcrübə kənara qoyuldu və Vladimir Vasilyev Dağıstana rəhbər gətirildi. Rusiya daxili işlər orqanlarında yüksək vəzifələr tutmuş, nazir müavini vəzifəsinə qədər yüksəlmiş polis generalı Vladimir Vasilyevin atasının azərbaycanlı olması haqda da məlumatlar var.  Musa Musayevin həbsindən bir neçə gün əvvəl isə Dağıstan Ali Məhkəməsi onun oğlunun yol patrul xidmətinin əməkdaşını döyməsi işi üzrə aşağı məhkəmə instansiyasının bəraət hökmünü ləğv edib. Yaxın günlərdə Musa Musayevin oğlunun da hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsi ilə həbs ediləcəyi  gözlənilir.

Dağıstanda baş verənlərin yeni rəhbərin iradəsinə əsasən gerçəkləşdiyi də qeyd olunur. Son iclaslardan birində V.Vasilyevin Dağıstanda torpaqlarla bağlı qəbul edilən qərarları məmurların vəzifə səlahiyyətlərini aşmaqla qəbul etdiklərini xüsusi olaraq vurğulayıb. Mahaçqalada  necə gəldi tikintilərin aparılması üzündən qar və yağış zamanı təbii fəlakətlərə gətirib çıxardığını deyib. Bildirib ki, Mahaçqala merinin barəsində başladılmış cinayət işi bu sferada vəziyyətin yaxşılaşmasına xidmət edir. V.Vasilyev Dağıstanda məmurlara tövsiyə edib ki, kimsə xidmətlərinə, mənsubiyyətinə arxayın olmasın. Dağıstanda yaşayan həmyerlilərimiz deyiblər ki, V.Vasilyevin təyinatından ötən qısa müddətdə qanunçuluğun bərqərar olunması istiqamətində atılan addımlardan razıdırlar.

E.HÜSEYNOV,
“Yeni Müsavat” 

 

09:29