Dağıdılan.., dəyişdirilən.., erməniləşdirilən.., Şuşamız…

Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhəri ətrafındakı qədim yaşayış yerlərinin (Cıdır düzü, Üçmıx dağı və s.) olması, bu ərazidə ilk insanların mövcudluğunun  eramızdan əvvəl I-II minilliklərə təsadüf etdiyini sübut edən dəlillərdir. Şuşada ilk insan məskənlərindən hesab edilən mağara düşərgəsində, XX əsrin 70-ci illərində  Azərbaycan arxeoloqları tərəfindən aparılan arxeoloji qazıntılar zamanı burada insan yaşayışını sübut edən, paleolit dövrünə aid xeyli sayda daş alətlər, məişət əşyaları aşkar olunmuşdu. Bu da onu göstərir ki bu ərazilərdə, antik dövrlərdən mövcud olan bu qədim insan məskəni zaman-zaman müasirləşərək insanların daimi yaşayıç məskənlərinə çevrilmişdir.

Şuşa şəhərinin mövcudluğunun  2-ci minilliyə təsadüf etməsi barədə təkzib edilməz faktlar və sübutlar mövcuddur. Belə ki, eramızın II əsrində yaşamış qədim Roma tarixçisi  Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu şəhərinin olması haqqında məlumat vermişdi. Azərbaycan tarixçisi Mirzə Camal Cavanşir Qarabaği,  Pənahəli xanın  Şuşa qalasını inşa etməsi barədə yazarkən həmin əsərində bu qalanın içərisində qədim Şuşa şəhərinin qalıqlarını da xatırladırdı.

Şuşa şəhəri qədim Midiya və Qafqaz Albaniyası Dövlətlərinin tərkibində bir sənətkarlıq mərkəzi kimi yaşayıb inkişaf etmişdi.  Şuşa bu dövlətlərin tərkibində xarici dövlətlərin və millətlərin diqqətini çəkəcək qədər böyük inkişaf yolu keçmişdi.

Şuşada 350 hektarlıq qoruq zonası var idi. Qoruq zonasında 800 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya əhəmiyyətli abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdur. Mövcud  abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, qəd-qamətli minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verirdi.

   Ermənistanın Mədəni Varislik Konsepsiyası

Ermənistan Hökuməti Şuşa şəhərinin yenidən qurulması və bərpası üçün 2000-ci ildə İrəvanda Şuşaya Mədəni Varislik Konsepsiyası adlı sənəd qəbul etdilər. Şuşa şəhərinin bərpası ideyasını gerçəkləşdirmək və təbliğat işlərini genişləndirmək üçün 2000-ci ildə İrəvan şəhərində «Shousi» Mədəniyyət Fondu və «Shousi» nəşriyyat evi yaradıldı. Fondun yaradılmasında məqsəd Şuşa şəhərinin mədəni irsinin tədqiq edilməsi, şəhərə yaxın ərazilərin inkişaf etdirilməsi üçün müxtəlif proqramların həyata keçirilməsi, «arxiv sənədlərinin» tədqiqi və təbliği nəzərdə tutulur. Fond yaradıldıqdan dərhal sonra özünün Şuşa şəhərini dünya ermənilərinin Dini və Mədəniyyət  mərkəzləri kimi inkişaf etdirilməsi layihəsini irəli sürdü. Belə ki, bu layihə çərçivəsində təmir bərpa və quruculuq işlərinin həyata keçirilməsi 5 mərhələdə həyata keçirilməsini nəzərdə tuturlar.

 
  1. 1-ci mərhələdə yeni turist mehmanxanalarının tikintisi, Qala divarlarının, Xan sarayının, Xan qızının iqamətgahının, qədim hamamın bərpası eyni zamanda bu abidələrin bərpasından sonra bu abidələrin içərisində və ətrafında bütün zəruri rahatlıqlarla təmin edilməli, maraqlı əyləncələrin təşkili turistlərin Şuşaya cəlb edilməsində müstəsna rol oynamalıdır. Adsız Qala divarları üzərinə isə «Jraberd divarı» adlı lövhələr yapışdırılmalıdır.
  2. 2-ci mərhələdə, O.Tarkanyan adına Mədəniyyət Mərkəzinin yaradılması, karvansara, bazar və bir neçə yaşayış evini təmir eimək, XİX əsrdə inşa edilmiş Şuşa bilik cəmiyyətinin binasını Eren Tarumyanın evi adlandıraraq burada bütün Ermənistanın və «Artsaxkertin» patriarxının konfranslarının və digər tədbirlərin keçirilməsini təmin edilməsi nəzərdə tutulur.
  3. 3-cü mərhələdə yeni stadionun və yeni erməni ibtidai məktəbinin tikilməsi vacib hesab edilir. Bu erməni məktəbində Şuşaya turist kimi gəlmiş diaspora üzvlərinin övladlarına erməni dili dərsi tədris ediləcək. XİX əsrin əvvəllərində inşa edilmiş Şuşa Realnı Gimnaziyası təmir edərək onu Marinay adına gimnaziya adlandırmaq, Zaxaryan adına müasir xəstəxana binasının tikilməsi planlaşdırılır.
  4. 4-cü mərhələdə İsa bulağında (ermənilər Hanot adlandırırlar) və Cıdırdüzündə istirahət evləri və əyləncə yerləri inşa edilməsi nəzərdə tutulur.
  5. 5-ci mərhələdə Gəncəsər məbədi və Şuşadakı erməni kilsələrinin nəzdində ermənilərin kilsə tarixi muzeyi təşkil etmək, burada dinin kök salması üçün dini məktəblərin də təşkil edilməsi vacib hesab edilir.

Bütün bunlardan başqa fondun hesabına Şuşada digər tarixi binaların və küçələrin bərpası ilə bərabər yeni turist mərkəzləri də inşa edəcək. Yuxarıda göstərilənlərlə yanaşı fond Şuşanın tarixi və mədəni varisliyini genişləndirilməsi üçün nəzərdə tutulan layihələrə üstünlük verəcəkdir. Öz fəaliyyətini daha da intensivləşdirmək və genişləndirmək üçün Fond aşağıdakı layihələrin də maliyələşdirilməsini də öz planlarına daxil edib:

  1. Qalanın və onu əhatə edən bütün ərazilərin xəritələrinin və fotoşəkillərinin çəkilməsi.
  2. Evlərin və binaların arxitektura quruluşunun sxemlərinin çəkilməsi və ölçülərinin götürülməsi.
  3. Memarlıq abidələrinin layihələşdirilməsi.Şuşa şəhərinin bərpası üçün beş mərhələdə nəzərdə tutulan layihələrin hamısını beynəlxalq səviyyədə tenderlərə çıxarılması.
  4. Şuşanın Arxiv fondunu yaradılması.
  5. Aşkar edilmiş qəbirlərin və digər arxeoloji tədqiqatların nəticələrinin nəşr etdirilməsi. Litoqraf varisliyinin tədqiqi. Qalada və onun ətrafında mağara tədqiqatının aparılması.

Bu konsepsiyanın reallaşmasına 2004-cü ildən başlanıb. Şuşa və onun ətraf ərazilərində mövcud olan 525 sayda tarix və memarlıq abidələri və daş qaya nümunələri siyahıya alınaraq konsepsiyaya əlavə edilmişdir. Son iki il ərzində Ermənistanın Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkmiş  və divarlarının ölçülərini götürüb, bu evləri bərpa üçün hazırlanmasını təmin etmişlər.

Ermənistanın Marif və Elm Nazirliyində daha sonra Nazirlər Kabinetində bu konsepsiya və layihələrə baxılaraq bəyənilmiş, Hökumət tərəfindən Şuşanın bərpasının reallaşması üçün bu layihələrə Ermənistan Hökuməti Dövlət büdcəsindən hər il 30 milyon dram vəsait ayrılmasını nəzərdə tutulur. Şuşada bərpa işlərinin aparılmasına rəhbərlik Bakur Karapetyan adlı ermənistan vətəndaşına həvalə edilib.

Ermənistan hökuməti və «Daşnaksütun» partiyası Şuşa şəhərini ermənilərin birinci Qarabağ müharibəsindəki “qələbələrinin” ən böyük simvolu hesab edirlər. Onlar müxtəlif şəhərlərdə Şuşanın xatirəsinə abidələr ucaldır, kitablar, albamlar nəşr edirərək hər il Şuşanın təbliğinə 100 min dollardan çox pul xərcləyirlər. Məhz bu səbəbə görə də xaricdəki erməni lobbilərinin və Ermənistan Hökumətinin maliyəsi hesabına Şuşa şəhərinin yenidən qurulması və bərpası dünya erməniləri üçün həlli vacib olan ümummilli bir məsələyə çevrilib”.

 Şuşanın xarabalıqları ermənilərə gəlir gətirir.

Öz təcavüzkar siyasəti ilə Cənubi Qafqazın bir çox irimiqyaslı layihələrindən kənarda qalan Ermənistan hökuməti, Qarabağda turizmi inkişaf etdirməklə ölkəsinin iqtisadiyyatının inkişafına mühüm töhfə verəcəyini güman edir.  Dağıdılan və sahibsiz qalan, indi bir çoxlarında bir kimsənin belə yaşamadığı Şuşanın xarabalıqlarına baxmaq üçün dəvət olunan turistlərdən Ermənistan hökuməti hər il xeyli miqdarda gəlir götürür.

Qarabağda təşkil edilən heykəltəraşlıq müsabiqələri, Qarabağın simasını dəyişir.

Şuşada hər il xarici ölkə sənətkarlarının iştirakı ilə bədii monumental sənəti inkişaf etdirmək üçün heykəltəraşlıq müsabiqələri keçirirlər. Müsabiqənin məğlub tərəfi olmur, müsabiqə dövrü yonulan bütün sənət nümunələri Qarabağın şəhərlərinin bağ və parklarında yerləşdirilir.

11:31