Cövdət Hacıyev musiqisinin Nyu-Yorkda triumfu

 

Nyu-Yorkun ən nüfuzlu konsert zallarından biri olan “Carnegie Hall”da Azərbaycanın görkəmli bəstəkarı, simfonik musiqimizin əsasını qoyanlardan biri olan Cövdət Hacıyevin anadan olmasının 100 illik münasibətilə möhtəşəm konsert keçirilib.

Konsertdə Miriam Burusun dirijorluğu ilə Nyu-York simfonik orkestri və dünyanın müxtəlif ölkələrindən solistlər, habelə Elvin Qəniyev, Ester Muradova kimi virtuoz musiqiçilərimiz iştirak ediblər. Fəxri qonaqlar sırasında tarzən və kamança ifaçısı Cefri Verbok da olub. Konsertdə Cövdət Hacıyevin musiqi yaradıcılığı irsinin inciləri böyük uğurla ifa edilib. Görkəmli bəstəkarın əsərlərində Azərbaycan musiqisinin zəngin melodiyasına və romantik ruhuna məftun olmuş tələbkar Amerika tamaşaçıları Ü.Hacıbəyli və D.Şostakoviçin böyük musiqi ənənələrinin varisi və davamçısı Cövdət Hacıyevin hər bir əsərinin ifasını alqışlarla qarşılayıblar. Bu mühüm musiqi hadisəsinin başlıca təşəbbüskarları və təşkilatçıları görkəmli amerikalı pianoçu və bəstəkar Aleksandr Peskanov (onun C.Hacıyevin 100 illik yubileyinə həsr edilmiş əsəri də bu məşhur konsertdə səsləndirildi), Azərbaycanın BMT-də daimi nümayəndəsi Yaşar Əliyev, habelə Florida Universitetində fortepiano kafedrasının professoru, Cövdət Hacıyevin qızı Pərvin Muradova-Hacıyeva olublar. Bu tarixi konsertdə Azərbaycan nümayəndə heyətinə ölkəmizin BMT-də daimi nümayəndəsi Yaşar Əliyev, Avropa İttifaqı yanında İslam Əməkdaşlıq Təşkilatının daimi nümayəndəsi Aqşin Mehdiyev başçılıq ediblər.

Konsertdən sonra çıxış edən Yaşar Əliyev deyib ki, dünyanın müxtəlif ölkələrindən musiqiçilərin iştirak etdikləri bu konsert Amerika və Azərbaycan, Şərq və Qərb arasında mədəni məhsuldar əməkdaşlığın daha da genişlənməsində mühüm addımlardan biri olacaq, yer üzündə sülh və harmoniya naminə multikulturalizmin xeyirxah ideyalarının təntənəsinə xidmət edəcək.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

06:47