Cocuq Mərcanlı məktəbliləri Azərbaycan Dövlət İqtisad Universitetinə dəvət olunublar

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının müəllim və tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, onlar əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra filialın kollektivi şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim və şagirdlərlə görüşüb. Filialın iqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova məktəblilərə universitetin Zaqatala filialı, “UNEC-də 1 gün” layihəsi barədə ətraflı məlumat verib. O bildirib ki, layihə çərçivəsində şagirdlər “birgünlük tələbə” olmaq hüququ qazanır və bu, onlara universitetlə daha yaxından tanış olmaq imkanı yaradır.

Layihəni maraqla qarşılayan Cocuq Mərcanlı kənd məktəbinin şagirdləri “UNEC-də 1 gün” layihəsində iştirak etmək istədiklərini bildiriblər. Cocuq Mərcanlı məktəbliləri UNEC-ə dəvət olunublar.

Məktəblilərə dərslərində uğurlar arzulayan filial kollektivi onlara kitablar hədiyyə edib.

Sonra müəllim və tələbələr Lələtəpə yüksəkliyinə qalxaraq, “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşüblər. Səfər çərçivəsində Şuşa məscidinin bənzəri də ziyarət olunub.

14:24