Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayıb

Martın 4-də Cənubi Koreya və ABŞ “Tonmen” (İttifaq) kod adı altında müştərək hərbi təlimlərə başlayıb.

Xudaferin.eu xarici KİV-lərə istinadla xəbər verir ki, Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına əsasən, bu təlimlər “Kye Resolve”, həmçinin “Toksuri” (“Foal Eagle”) manevrlər seriyasının əvəzinə keçirilir.

Martın 2-də Koreya Respublikasının müdafiə naziri Çon Gön Du ilə Pentaqon rəhbərinin vəzifələrini icra edən Patrik Şanhan arasında telefon danışığı zamanı hər iki tərəf “Kye Resolve” və “Foal Eagle” təlimlərinin dayandırılması barədə razılığa gəlib. Yeni təlimlərin həm müddət, həm də miqyas baxımından əvvəlkilərdən kiçik olacağı bildirilir.

Koreya Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Soy Hön Su Seulda keçirilən brifinqdə Koreya yarımadasındakı vəziyyət baxımından yeni komanda-qərargah təlimləri ilə bağlı problem görmədiyini deyib.

ABŞ və Cənubi Koreya təlimlərin miqyasının kiçildilməsinin yarımadanın nüvəsizləşdirilməsi prosesinə təkan verəcəyini düşünür.

Pxenyan adətən Cənubi Koreya-ABŞ manevrlərinə qarşı kəskin etirazını bildirir və bunu KXDR ərazisinə potensial hücuma hazırlıq hesab edir.

Koreya yarımadasında 1950-1953-cü illərdə baş verən münaqişə atəşkəs sazişi ilə sona çatıb. Odur ki, ABŞ və KXDR hələ də formal olaraq müharibə vəziyyətindədir.

Xudaferin.eu

17:08