"CNN Türk"ün müxbiri: Laçın yolu ilə silahların və minaların daşınmasına dair sübutlar var

Biz buraya gələndə nə ilə qarşılaşacağımızı dəqiq bilmirdik. İkinci Qarabağ müharibəsi sona çatsa da, burada bəzi problemlər hələ də qalmaqdadır. Hazırda olduğumuz, Ermənistanla Qarabağı birləşdirən Laçın-Xankəndi yolunda azərbaycanlı gənclər, ekofəallar dünyaya ekoloji terrorun dayandırılması ilə bağlı mesajlar verirlər.
Bu fikriləri AZƏRTAC-a müsahibəsində "CNN Türk" telekanalının müxbiri Ahmed Türkeş söyləyib.
O qeyd edib ki, Qarabağda ekoloji fəlakət baş verir. Buna görə də talanan mədənlərə baxış keçirilməli, araşdırmalar aparılmalıdır. Aksiya ərazisində asılan plakatların görüntülərindən burada vəziyyətin necə olacağı bəllidir. Bəs bu gənclər nə istəyirlər? Bizim görmədiyimiz o iki mədəndə nələr baş verir? Burada ekofəalların istəyi odur ki, suallarına cavab tapsınlar, tədqiqatçılar gedib mədənləri araşdırsınlar.
Ahmet Türkeş, həmçinin deyib: “Ermənistan deyir ki, bura blokadadadır. Bu iddia doğru deyil. Ərazidə olduğumuz müddətdə nəqliyyat vasitələrinin yoldan maneəsiz keçidlərinin şahidi oluruq”.
O bildirib ki, aksiyaçılarla söhbət zamanı burada Azərbaycan vətəndaşlarının əsas narahatlığının İkinci Qarabağ müharibəsindən sonra bu bölgədə 200-dən çox azərbaycanlının mina qurbanı olması ilə bağlı olduğunu öyrənib. “Eşitdiyimizə görə, bu minaların istehsal ili müharibədən sonrakı dövrə təsadüf edir. Ona görə də Azərbaycan tərəfində Ermənistanın Laçın yolu ilə silah və minaların daşınmasına dair sübutlar var”, - deyə jurnalist vurğulayıb.
Problemlərin aradan qaldırılması üçün Ermənistanla Azərbaycanın bir araya gəlib danışmalı olduqlarını söyləyən jurnalist deyib: “Sülh istiqamətində vacib addımlar atılmalıdır. Bu, çox mühüm məsələdir. Çünki bu ərazilərdə diplomatlar susduqca, silahlar danışır. Əgər sülh istəyi varsa, tələblər razılaşdırılmalı və müzakirə edilməlidir. Ermənistan isə özünə bu sualı verməlidir. Mən nə istəyirəm? Problemlərin böyüməsini, yoxsa həll edilməsini?”.

Xudaferin.eu

23:29