Cəmiyyəti qarşıdurmaya sürükləyən banklar

Ötən gün Nazirlər Kabinetinin iclasında vurğulanıb ki,  ölkədə yaranan böhranın əsas səbəbkarı məhz banklardır. Təbii ki, böhran dövründə  bankların yürütdüyü maliyyə siyasəti yanlış olub. Məhz bankların apardığı yanlış pul-kredit siyasəti nəticəsində bu gün ölkə əhalisinin böyük hissəsi banklarla qarşıdurma vəziyyətindədir.Bunun ən bariz nümunəsi isə problemli kreditlərin həcminin günü-gündən artmasıdır. Digər tərəfdən uzun illər bazarda “at oynadan” bir neçə “böyük” bank böhran dövründən çıxa bilmədi və fəaliyyətini dayandırdı. Bazarda qalmağı bacaran banklar isə müxtəlif maxinasiyalar hesabına külli miqdarda gəlir əldə etməyə çalışırlar.Bank sektorunda olan problemlər artıq ölkə rəhbərliyi səviyyəsində etiraf olunur.Bəs vəziyyətdən çıxmaq üçün hökumət hansı addımları atmalıdır?Ümumiyyətlə, ölkədə bank sisteminin sağlamlaşdırılması mümkündür?

“Onlar dövlət-vətəndaş qarşıdurması yaradır”

“Altay” İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı problemdən çıxış yolu üçün orijinal yol təklif edib. Onun sözlərinə görə, dövlət maraqlarına zidd addımlar atan və əhalini dövlətlə üz-üzə qoyan özəl banklar bağlanmalıdır: “Bazarda yalnız dövlət bankı qalmalı və bütün regionlarda da filialı olmalıdır. Dövlətin müəyyən etdiyi qaydalara uyğun olaraq da xidmət göstərməlidir.Deyək ki, dövlət əmanətlərin cəlb olunmasını 3 faizlə, kreditlərin verilməsini 5 faizlə müəyyən edir.Yəni, bu əməliyyatlar cüzi fərqlə aparılmalıdır.Ümumiyyətlə, dövlətin maliyyə siyasəti ən strateji məsələdir. Burada özəl bank məsələsi ola bilməz. Təbii ki, kiçik ölkələrdən söhbət gedir.Böyük dövlətlərdə özəl bankların fəaliyyət göstərməsi normal haldır.Çünki kiçik ölkələrdə olan özəl bankların rıçakları güclü deyil və böyük güclərin ciddi təzyiqiylə üz-üzə qalır.Məsələn, heç bir əsas olmadan Amerika Birləşmiş Ştatları dolların uçot dərəcəsini artırdı və bizdə iqtisadiyyat, maliyyə siyasəti çökdü.Banklar da bu ajiotajı daha da gücləndirdilər və dolları xalqdan yığaraq satmamağa qərar verdilər.Baxmayaraq ki, Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu tez-tez valyuta hərraclarına dollar çıxarır.Hərraclarda da banklar dollar alır ancaq bu dollarlar hara gedir heç kim bilmir. Bankların heç biri satmır.Bank sektorunda hal-hazırda tam anarxiyadır.İqtisadçılar nə qədər yollar göstərib amma hamısı da boş şeylərdir. Təcrübə göstərdi ki, bank özbaşına ola bilməz. Yalnız dövlət bankı olsa, yaxşıdır.Əgər bu mümkün deyilsə, çox böyük imkanlara malik banklar bazarda saxlanmalıdır və dövlətin həmin banklara çox güclü nəzarəti olmalıdır ki, onlar da özbaşına fəaliyyət göstərə bilməsin.Yəni, ölkədə bu gün dollar ajiotajını törədən, əhalini narazı salan, dolları yığıb harasa yoxa çıxardan, krediti əhaliyə zornan verən məhz özəl banklardır.Bu isə konkret olaraq cinayətdir. Mən bu ölkənin vətəndaşıyam,  amma sən mənə hansısa xarici ölkənin valyutasıyla kredit verirsən. Bu düzgün deyil.Bu banklar ölkədə tamamilə anarxik vəziyyət yaradıblar”.

“Qara bazarı onlar formalaşdırır”

Ekspert hesab edir ki, banklar hərraclardan dolları alır və onu hansısa yollarla yoxa çıxarır. E.Bayramlı hesab edir ki, Mərkəzi Bank buna nəzarət etməlidir: “Banklar dolları alır, amma satmır. Bəs dollarlar hara gedir?Ona görə də ölkədə dollar tələbatı artır və “qara bazar” formalaşır.“Qara bazar” formalaşanda isə manat daha da zəifləyir, qiymətlər bahalaşır.Ümumiyyətlə, ölkədə baş verən problemlərin ən azı 70 faizi banklarla bağlıdır.Ona görə də özəl banklara qarşı sərt, radikal tədbirlər görülməlidir.Əks halda, banklar hər vəziyyətə uyğun maxinasiyalar edəcək.Sabah manat güclənsə, banklar vəziyyəti fırladıb başqa cür maxinasiyalar edəcəklər.Bu da xalqın narazılığına səbəb olur”.

Vilayət Muxtar
Cebhe.info

10:29