Cinayət Məcəlləsinə yeni dəyişikliklər nə vəd edir?

Hal şahidlərindən imtina, saxta profillərdən təhqir yazanlar məsuliyyətə cəlb olunacaq.

Müzəffər Baxışov: «Bu institut gözdən o qədər düşüb ki, hal şahidlərinin dediklərinə heç kim inanmır». Azərbaycanda cinayət təqibi zamanı hal şahidi olmadan əməliyyat aparan orqan tərəfindən videoçəkilişin aparılması mümkün olacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bununla bağlı Cinayət-Prosessual Məcəllənin 236.4 və 244.1 maddələrinə əlavələr müzakirə edilib. Təklif olunan dəyişiklərə görə, axtarış və ya götürmə zamanı azı 2 hal şahidi iştirak etmədikdə video çəkilişdən istifadə etmə mümkün olacaq. Komitə sədri Əli Hüseynli isə bildirib ki, burada hal şahidinin iştirak etməsinin qadağasından yox, sadəcə əməliyyatı aparan orqana hal şahidindən istifadə etməmə hüququ verilir: “Müzakirəyə çıxarılan layihə də bu kimi məsələlərin həllinə yönəlib. Yeni layihəyə əsasən, istintaq hərəkətləri zamanı videoçəkilişdən istifadə edildiyi halda hal şahidlərinin iştirakının məcburiliyi aradan qaldırılacaq. Burada hal şahidlərinin iştirakının yalnız məcburiliyi aradan qaldırılır, amma hal şahidlərinin iştirakı həm də mümkündür. Digər tərəfdən, apellyasiya baxışının təyin olunması barədə ilkin qərardan kassasiya şikayətinin verilməsi prosesinin məhdudlaşdırılmasına dair təkliflər irəli sürülüb. Əslində, ilkin qərardan şikayətin verilməsi cinayət mühakiməsinin bəzən aylarla uzadılmasına gətirib çıxarır. Bu dəyişikliyin edilməsi cinayət təqibinin sadələşdirilməsi və cinayət mühakiməsi prosedurunun tezləşdirilməsi üçün vacibdir. Yəni zərurət olduğu halda hal şahidi ola bilər. Bütün hallarda biz bu təklifi plenar iclasa tövsiyə edək. Amma bu məsələ ilə bağlı ayrıca işçi müzakirəsi apararıq”.
CM-yə ediləcək daha bir dəyişiklik isə sosial şəbəkələrlə bağlıdır. Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir edən cərimələnəcək və ya azadlıqdan məhrum ediləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir edənlər 1000 manatdan 1500 manatdək, və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Layihədə qeyd edilir ki, Azərbaycan Prezidentinin şərəf və ləyaqətini kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 500 manatdan 1000 manatadək cərimə və ya 2 ilədək islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Məcəllənin hazırkı variantında bu cərimə yalnız Azərbaycan Prezidentinın şərəf və ləyaqətinin ləkələnməsi və ya alçaldılması kütləvi informasiya vasitəsi və kütləvi çıxışlarda edildiyi zaman tətbiq edilir. Bəs bu dəyişikliklər qanuna nə vəd edir? Xüsusilə saxta profillərlə bağlı məqama necə aydınlıq gətiriləcək? Necə müəyyənləşdiriləcək ki, profildən təhqir olan postları paylaşan həqiqətən də onun sahibinin özüdür. Çünki son zamanlar profil oğurluğu və ya başqasının adına saxta profillərin yaradılması geniş vüsət alıb. Hüquqşünas Müzəfər Baxışov bildirdi ki, hal şahidi institunun ləğvi normaldır. Çünki Cinayət Məcəlləsinə görə, hal şahidliyi bir çox istintaq hərəkətlərində – axtarış, götürmə, müayinə nəzərdə tutulsa da, hal şahidliyi son dövrlər tam formal xarakter daşıyıb. Yəni Azərbaycanda özünə hörmət edən insanlar iş üzrə hal şahidi olmaq istəmirlər: «Azərbaycan cəmiyyəti elədir ki, insanlar hal şahidi kimi çıxış etmək istəmirlər. Ona görə hüquq-mühafizə orqanları məcburiyyət qarşısında qalıb özlərinin ştatlı hal şahidi institutlarını yaradıblar. Yəni hər bir polis bölməsində, prokurorluq orqanlarında ştatlı hal şahidləri var. Bu hamıya bəllidir. Nəticədə hal şahidi institutu Azərbaycanda saxta sübutlar toplama institutna çevrilmişdi. Fikrimcə, Cinayət Prosesual Məcəllədə hal şahidi institutunu ümumiyyətlə ləğv etmək lazımdır. Yəni bu institut gözdən o qədər düşüb ki, hal şahidlərinin dediklərinə heç kim inanmır. Ona görə gələcəkdə də bütün istintaq hərəkətlərində hal şahidlərinin iştirakını ləğv etmək lazımdır».
M.Baxışovun sözlərinə görə, saxta profillərdən təhqir yazanlarla bağlı məsələyə gəlincə, burada bir sıra məqamları aydınlaşdırmağa ehtiyac var: «Burada məsələ təkcə prezidentin şərəf və ləyaqətiylə bağlı deyil. Saxta profillərdən kimlərsə təhqir olunursa, onlara böhtan atılırsa, digər qanunsuz hərəkətlər edilirsə, belə şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Amma Konstitusiyanın 25-ci maddəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Ona görə eyni halın ayrıca prezidentlə bağlı da nəzərdə tutulması düzgün deyil. Mən bunun tərəfdarı deyiləm.  Əgər prezidentə qarşı da belə qanunsuz hərəkətlər törədiləcəksə, onlar məsuliyyətə cəlb olunmalıdır».
M.Baxışov onu da bildirdi ki, saxta profilin bu və ya digər şəxsə malik olması yalnız obyektiv araşdırma nəticəsində məlum ola bilər. Bu istiqamətdə mütləq mütəxəssislər cəlb olunmalıdır və onlar təyin etməlidirlər ki, həqiqətən də bu profili ittiham olunan şəxs yaradıb: «Ola bilər ki, bu istiqamtdə subyektivliyə yol verilsin. Çünki Azərbaycanda bu hallar mümkündür».

Xəyal

(Azadliq.info)

13:17