“China Daily” qəzeti Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyindən yazır

Çinin ingilisdilli populyar “China Daily” qəzeti tərəfdaşlıq etdiyi AZƏRTAC-ın Azərbaycanın müxtəlif istiqamətlərdə dayanıqlı inkişafı, ölkəmizin beynəlxalq arenadakı nüfuzu barədə materiallarını yaymağa davam edir. Növbəti bu cür material Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda onlayn formatda aralıq konfransına dair olub.

AZƏRTAC-ın Azərbaycanın Xarici İşlər Nazirliyinin məsələyə dair açıqlaması əsasında hazırlayıb təqdim etdiyi materialda 33 ölkənin xarici işlər naziri səviyyəsində təmsil olunduğu konfransda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin tədbir iştirakçılarına videomüraciətindən bəhs olunub.

Məqalədə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Hərəkatın beynəlxalq nüfuzunun və təsirinin gücləndirilməsi istiqamətində görülən işlərdən söz açılıb, konfransın Siyasi Bəyannaməsinin müzakirə olunaraq qəbul edildiyi bildirilib.

Qeyd olunub ki, konfransda qəbul edilən Siyasi Bəyannamə ilə Rusiya Federasiyasına Qoşulmama Hərəkatı yanında müşahidəçi statusu verilib və təşkilatın növbəti Zirvə görüşünün 2023-cü ilin sonunda Uqandada keçirilməsi qərara alınıb.

Vurğulanıb ki, Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra üzv dövlətlərin təşkilata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb. Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar: https://www.chinadaily.com.cn/a/202107/19/WS60f4e7c6a310efa1bd662c4b.html

Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur.

AZƏRTAC-ın “China Daily” qəzeti ilə informasiya mübadiləsi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq əlaqələri mövcuddur. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.

Şahin Cəfərov

Xudaferin.eu

16:08