“China Daily” qəzeti Azərbaycan-Pakistan hərbi əməkdaşlığı barədə məqalə yayıb

Çinin nüfuzlu ingilisdilli “China Daily” qəzeti Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi haqqında məqalə yayıb.

Məqalə AZƏRTAC-ın Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinə aid materialı əsasında hazırlanıb. Bildirilib ki, nümayəndə heyəti ilə Müdafiə Nazirliyində keçirilən görüşdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin komandanlığı ilə Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsindən və Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən söz açılıb. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları və müharibədə qazandığı döyüş təcrübəsi haqqında məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan tərəfi ədalətli mövqeyinə, o cümlədən beynəlxalq təşkilatlarda verdiyi dəstəyə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.

Məqalədə Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının Vətən müharibəsində qazanılan Qələbə və ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etməsi, ikitərəfli hərbi əməkdaşlığın inkişafı ilə bağlı fikirləri də əksini tapıb.

Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur.

AZƏRTAC-ın “China Daily” qəzeti ilə informasiya mübadiləsi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq əlaqələri mövcuddur. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.

Şahin Cəfərov

Xudaferin.eu


 

16:24