Cenevrədə Güney Azərbaycanla ilgili aksiya keçiriləcək

 

İrandakı molla rejiminin ayrı-seçkilik siyasətinə etirazlar gündəmə gətiriləcək

 

Avropada yaşayan soydaşlarımız İran mollakratiya rejiminin Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasətinə etiraz olaraq İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) binası qarşısında aksiya keçirəcəklər.

Etiraz aksiyası BMT-də keçiriləcək rəsmi dövlət statusu olmayan toplumlarla ilgili forumu zamanı baş tutacaq. Artıq Avropada Güney Azərbaycanla ilgili fəaliyyət göstərən İnsan Haqları qurumlarının fəalları aksiyanın keçirilməsi üçün İsveçrə hökumətindən rəsmi icazə də alıblar. Aksiya dekabrın 1-i saat 13:00-dan 14:30-dək Cenevrədə BMT-nin binası önündə keçiriləcək. Bununla yanaşı, Avropada yaşayan bütün azərbaycanlı fəallar və insan haqları müdafiəçiləri aksiyaya qatılmağa dəvət olunur.

Aksiyada Urmu Gölünü İran mollakratiya rejimi tərəfindən məqsədli şəkildə qurutmaq, ana dildə təhsillə bağlı Ana Yasa maddələrini icra etməmək, Güney Azərbaycanda milli,  mədəni fəallara təzyiq etmək və s. kimi ayrı-seçkilik siyasətlərinə etiraz ediləcək. “Ərk Cəmiyyəti”, “Güney Azərbaycanda İnsan Haqlarının Müdafiəsi” və “Güney Cəmiyəti” və digər insan haqları təşkilatları Güney Azərbaycan əhalisinin demokratik tələblərinin müdafiəsi üçün hər kəsi dinc aksiyaya qatılmağa dəvət edir. Bununla yanaşı, molla rejimi tərəfindən 38 ildir zülmlər içində yaşamağa məcbur edilən Xorasan Türklərinin “Türkmənsəhra İnsan Haqları Müdafiəçiləri” və “Qaşqay İnsan Haqları Müdafiəçiləri Komitəsi” Cenevrədə keçiriləcək aksiyaya dəstək veriblər.

Xudaferin.eu
İsveçrə, “Cenevrə Bürosu”

 

10:01