“Cəbrayıllı köçkünlərin həbsi qanunsuz və siyasi motivlidir”

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Biləsuvarda işıq probleminə görə etiraz edən, bundan sonra repressiyaya məruz qalan Cəbrayıl rayon köçkünlərini müdafiə edən bəyanat yayıb. Bəyanatda deyilir: Dekabrın 22-də Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər onlara verilən elektrik enerjisinin tez-tez kəsilməsinə və digər sosial problemlərə etiraz əlaməti olaraq 4 saylı qəsəbədə yerləşən Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yürüş-mitinq keçiriblər. Aksiya zamanı polis dinc sakinlərə hücum etmiş, onlara qarşı zorakalıq göstərmiş və hadisə ilə bağlı 5 nəfər həbs olunub. Həbs edilənlər Cəbrayıl rayonundan olan məcburi köçkünlər Gülağa Alməmmədov, Cəlal Quliyev, İlkin İskəndərov, Zaur Feyruzlu və Ülvi Quliyevdir. Onlara qarşı Cinayət Məcəlləsinin 186.2.2- ci (özgə əmlakı məhv etmə, partlatma, yandırma və ya digər ümumi təhlükəli üsulla), 233- cü (ictimai qaydanı pozma) və 315.2- ci (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının apardığı araşdırmalara görə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbənin heç biri nə qazla, nə də istilik sistemi ilə təmin olunmayıb. Məhz buna görə də sakinlər məişət problemlərini nisbətən də olsa elektrik enerjisi ilə həll etməli olurlar. “Azərişıq” ASC-nin İmişli rayon şöbəsinin nümayəndələri tez-tez gəlib məcburi köçkünlərdən pul yığır, amma ödənişlə bağlı onlara qəbz təqdim etmirlər. Pul ödəməkdən imtina edən şəxslərin evlərinə isə polis əməkdaşları ilə gedirlər. Bütün bunlara rəğmən hər gün bir neçə dəfə saatlarla elektrik enerjisinin verilməsini dayandırırlar. Qəsəbədə salınmış evlər keyfiyyətsiz materiallardan tikildiyindən otaqları tam qızdırmaq çox çətin olur, qış aylarında divarlarda nəmişlik və qaralmalar baş verir. Yerli sakinlərin və şahidlərin bildirdiyinə görə İcra Hakimiyyətinin qarşısına toplaşanlar ancaq elektrik enerjisinin bərpa olunmasını və digər sosial problemlərinin həll olunmasını tələb ediblər. Hakimiyyət nümayəndələri onların bu haqlı tələblərini dinləyib həll etmək əvəzinə polis gücündən istifadə edərək təxribat törətmiş və çox təəssüflər olsun ki, 5 nəfər məhkəmənin ədalətsiz qərarı ilə həbs edilib.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin həbsini qanunsuz və siyasi motivli hesab edir. 22 dekabr aksiyası zamanı şərlənərək qondarma ittihamlarla həbs edilmiş şəxslərin və bütün siyasi məhbusların dərhal və qeyd- şərtsiz azadlığa buraxmasını, əhalinin üzləşdiyi sosial problemlərin həll olunmasını, vətəndaş cəmiyyəti fəallarına qarşı yürüdülən repressiyalara son qoyulmasını tələb edir.

Xudaferin.eu

12:23