Cavid Qurbanov “işsizlər batalyonu” siyasəti

 

“Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov ölkənin dəmiryol xəstəxanalarını domino daşı kimi dağıdır. Xəstəxanaların bağlanması, söküntüsünə hazırlıq, yerində otel və başqa obyektlər tikilməsi, yüzlərlə tibb işçisinin küçəyə atılması ciddi gərginlik yaradıb. Ölkədə işsizlər batalyonu yaradan, Binəqədi, Salyan, Gəncə və başqa şəhərlərdə aksiyalara səbəb olan Cavid Qurbanov vətəndaşları hökumətlə üz-üzə qoyub.

QSC-nin rəhbərliyi cəmiyyətin Həkim-Sanitar Xidməti və onun tabeliyində olan tibb müəssisələrində çalışan böyük sayda işçi heyətinin maliyyələşdirilməsində çətinliklərin yarandığını bildirib. Bu səbəbdən də böyük ixtisarların olacağı elan edilib. 2017-ci ilin dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə yardımının dayandırılması ilə əlaqədar həmin xidmət və onun tabeliyində olan tibb müəssisələri yanvarın 1-dən təsərrüfat hesablı idarəetməyə keçib.

Dəmir Yolu Xəstəxanalarının işçiləri qərardan narazıdırlar. İxtisar olunan şəxslərə 2 aylıq müavinət veriləcək, işdə qalanlara isə özləri işləyib pul qazanmalı olacaqlar. Ancaq onlar sayca çox azdır. Əksəriyyəti işsiz qalıb. 3 mindən çox həkim və tibb bacısı işsiz qalıb. Buna səbəb xəstəxananın kommunal borcunun yüksək olmasıdır. Amma Cavid Qurbanov otel tikdirə, villasına dincələ, Albalı bağında malikanə ucalda bilir.  

Deputatın imarətinin yanında oğlunun da dəbdəbəli malikanəsi ucaldılıb. Həmin sarayın həyəti də maşın kolleksiyasıdır. C.Qubanovun oğlunun avtomobil həvəskarı olduğu bildirilir. Mənbə qeyd edir ki, QSC sədri və oğlu həftə sonu “Vişnovka” massivinə gəlir. Onların qışda həftə sonu, yayda isə tez-tez villalarına baş çəkdiyi xəbər verilir.

Oliqarx məmur həyatı yaşayan C.Qurbanovun şəhərin Binəqədi ərazisində də obyekti olduğu və insanların ora istirahətə getdiyi bildirilir.

Ümumiyyətlə, “Azəryolservis” ASC-yə rəhbərlik etdiyi dövrdən milyonlara sahiblənmiş deputat indi hakimiyyətdə dayaqlarını möhkəmləndirib. Hətta nəqliyyat naziri Ziya Məmmədovu da üstələyib. Amma minlərlə adamı işsiz qoyaraq pezidentə qarşı qaldırır.

Politika.Az

 

12:48