Cavid Osmanov: Azərbaycanın xarici amillərdən müdafiə olunması əsas məsələlərdəndir

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışını 3 istiqamətdə təsnif etmək mümkündür. Dövlətimizin başçısı beynəlxalq forumda Azərbaycan-İtaliya münasibətləri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol və Azərbaycan həqiqətləri kontekstində geniş çıxış etdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

İtaliyanın ölkəmizin ən yaxın tərəfdaşlarından biri olduğunu qeyd edən C.Osmanov vurğulayıb ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Onun sözlərinə görə, 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair imzalanan sənəd ölkələrimiz arasında mövcud fəal siyasi dialoqun formalaşmasında önəmli rol oynayır. Belə ki, ölkələrimizin ikitərəfli gündəliyinə davamlı olaraq yeni, vacib mövzular daxil edilir və ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər göstərilir. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş müzakirələr davamlı şəkildə aparılır.

"Azərbaycan ilə İtaliya arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri də təhsil sahəsidir. Buna misal olaraq ADA Universitetinin İtaliyanın beş aparıcı universiteti ilə tərəfdaşlığını qeyd etmək olar. Həmçinin Bakıda yaradılan Azərbaycan-İtaliya Universiteti də bu sahədə mövcud olan əlaqələrin göstəricisidir", - deyə deputat bildirib.

O qeyd edib ki, Çernobbio Forumunda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdüyünə xüsusi diqqət çəkdi. Həmin neft boru kəmərlərindən biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər uzanır. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail ola bilib. Son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı olan Azərbaycanın enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır və ölkəmizin təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Eyni zamanda, Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Bu, 3500 kilometr uzunluğunda olan və İtaliyaya qədər uzanan Cənub Qaz Dəhlizidir. Cənub Qaz Dəhlizi üç boru kəməri - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəmərlərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir. Cənub Qaz Dəhlizi vasitəsilə bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Həmçinin Azərbaycanın təbii qaz ehtiyatlarına tələbatın artması səbəbindən ümumi ixracın 22 milyard kubmetrdən artıq olacağı planlaşdırılır və artım üçün çox böyük potensial mövcuddur.

“Prezident İlham Əliyev Forumda çıxışı zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının bütün ölkələr üçün böyük perspektivlər vəd etdiyini bildirərək həmin sənədi gələcək fəaliyyət üçün yol xəritəsi adlandırıb. Dövlətimizin başçısı onu da vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində dayanan ən aktual məsələlərdən biridir. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər edilib.

Artıq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı dəyərləndirilib. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. Bundan əlavə, 2020-ci ilin Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu potensial ixrac üçün əlavə qaz tədarük etməyə imkanlar yaradacaqdır", - deyə Cavid Osmanov diqqətə çatdırıb.

Deputat bildirib ki, Çernobbio Forumunda çıxışı zamanı Prezident İlham Əliyev keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycanın heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmadığını forum iştirakçılarının nəzərinə çatdırıb. Qeyd olunub ki, Azərbaycanın beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşmış öz siyasəti var. Bir sözlə, Azərbaycan artıq sabit siyasi mövqeyə, həmçinin sabit iqtisadiyyata malikdir. Müstəqil olmaq üçün isə əsaslı maliyyə yatırımları edilib.

Dövlətimizin başçısı Azərbaycanda insanların artıq 30 ildir ki, müstəqil olduqlarını və əbədi olaraq müstəqil yaşamaq istədiklərini beynəlxalq Forumda bəyan edib. Ölkə Prezidentinin bu fikirləri dünyada baş verən proseslərdə Azərbaycanın tərəfsiz qalması və yaşanan münaqişələrdə maraqlı tərəf olmadığı kimi də qiymətləndirilə bilər. Çünki dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq və proseslərin hansı axınla gedəcəyi, Ukraynada müharibənin nə qədər müddət davam edəcəyi və savaşın sonunun necə bitəcəyi, dünyadakı güclərin balansının hansı şəkildə olacağı kimi amillərdən asılıdır. Bu kontekstdə müstəqil ölkə olaraq Azərbaycanın xarici amillərdən müdafiə olunması əsas məsələlərdəndir. Buna görə də yeni qlobal düzənin regionumuza təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarında nələr əldə edəcəyimiz və yeni nəsillərin gələcəyinin necə olacağı dövlətimiz üçün çox önəmlidir. Çünki Azərbaycan 30 il boyunca münaqişə və işğalla üzləşmiş, beynəlxalq hüquq normalarının pozulmasından əziyyət çəkmiş ölkə olub.

Xudaferin.eu

16:05