Cavad xan haqqında kitab nəşrə hazırlanır

Azərbaycanın böyük sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan təkcə Gəncənin deyil, ölkəmizin qəhrəmanlıq tarixində çox şərəfli yer tutur. Onun qəhrəmanlığı haqqında bir sıra ədəbi əsərlər yazılıb, film çəkilib, elmi-tədqiqat işləri aparılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Gəncənin Ziyadoğlu-Qacar nəsli və onun qəhrəman nümayəndəsi, vətən uğrunda qeyri-bərabər döyüşdə şəhid olmuş Cavad xan haqqında tarixi mənbələrə əsaslanan daha bir kitab nəşrə hazırlanır və bu istiqamətdə son elmi araşdırmalar aparılır.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə işıq üzü görəcək kitabın tərtibatçısı, fars dilindən tərcümənin və şərhlərin müəllifi, AMEA-nın Əlyazmaları İnstitutunun elmi işçisi Hacı Rauf Şeyxzamanlı Gəncədə olub, AMEA-nın Gəncə Bölməsində keçirilən dəyirmi masada apardığı elmi araşdırmalar, Cavad xan haqqında İranda nəşr olunan kitablar və arxivlərdə saxlanan sənədlər haqqında məlumat verib.

O, qədim şəhərdə yaşayıb işləyən tarixçi alimlərlə əməkdaşlığın, o cümlədən də qəhrəmanın həmyerlilərinin rəy və təkliflərinin, foto və arxiv materiallarının yeni kitabın sanbalının artmasında əhəmiyyətini xüsusi vurğulayıb.

Hacı Rauf Şeyxzamanlı qeyd edib ki, Qacarlar tayfasının ən böyük nəsillərindən olan Ziyadoğluların Azərbaycan torpağının qorunmasında xüsusi yeri var. Canını və ailəsini yadelli işğalçılara qarşı mücadilədə qurban vermiş Gəncə xanı Cavad xan isə bu nəslin ən görkəmli nümayəndəsidir. Qəhrəman hökmdar say və silah-sursat baxımından qat-qat güclü olan işğalçı qoşunun qarşısını almaq üçün qeyri-bərabər döyüşə atılıb, şəhid olmaqla adını Azərbaycan xalqının istiqlal tarixinə qızıl hərflərlə yazdırıb. Məlum hadisələrdən sonra çar hakimiyyəti həm Cavad xanın, həm də Gəncə şəhərinin adını belə çəkməyi yasaqlayıb. Lakin Azərbaycan xalqı XX əsrin sonlarında müstəqilliyini bərpa etdi, Gəncəyə doğma adı qaytarıldı və Cavad xan haqqında əsl həqiqət hər kəsə bəyan oldu. Onun həyatı və mübarizəsi haqqında tədqiqatlar aparılıb, məqalələr dərc olunub, bir neçə əsər, o cümlədən Ənvər Çingizoğlunun “Ziyadoğlu Qacarlar”, Elgün Babazadənin “Gəncə xanlığının tarixindən” adlı elmi əsərlər nəşr edilib.

Alim bildirib ki, yeni kitab iki hissədən ibarət olacaq. Birinci hissədə son illərdə İranda işıq üzü görmüş iki kitabın və internet saytında dərc olunmuş ayrı-ayrı məqalələrin icmalı fars dilindən tərcümə edilərək yerləşdiriləcək.

“İran tədqiqatçıları Bəhmən Mirzə Qacarın nəvəsi Məhəmmədəli Bəhməni Qacarın, Cavad xanın nəvə-nəticələrindən olan Huşəng Talenin, Hüseyn Əhmədinin və Rəhim Rəisnianın qədim tarixi mənbələrə əsaslanmış araşdırmaları böyük əhəmiyyət kəsb edir. İranda işıq üzü görən kitabların əldə olunmasında bizə təbrizli Mohəmməd Amin Sultan Ol-Qurraiyə kömək edib. Nəşr üçün hazırlanan nüsxədə Cavad xanın Sisianova yazdığı məktubun mətni, Cavad xanın qəhrəmanlığını tərənnüm edən Əbdürrəhman Ağanın və Fəridə Əliyarbəylinin mənzum əsərləri, uzun illər ərzində Cavad xanın əcdadı Uğurlu xan Gəncəvinin yaradıcılığını tədqiq etmiş mərhum şərqşünas alim Firəngiz Xəlilovanın məqaləsi, ədəbiyyatşünas filologiya elmləri doktoru Paşa Kərimovun Cavad xanın qardaşı Fəthəli bəy haqqında yazdığı məqalə, Adil xan Ziyadoğlu-Qacarın (Ziyadxanovun) “Qələmin uçuşu” adlı əsəri və Adil xanın rəhbərliyi altında Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin 1920-ci ildə İrana rəsmi səfəri barədə ovaxtkı İran mətbuatında dərc olunmuş xəbərlər yer alacaq”, – deyə H.R.Şeyxzamanlı qeyd edib.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında Cavad xanın həyatı və mübarizəsi haqqında kitabların nəşrinin təkcə Gəncənin deyil, Azərbaycanın qəhrəmanlıq tarixinin öyrənilməsində və təbliğində əhəmiyyətini vurğulayıb, xalqımızda vətənə məhəbbət hissinin, xüsusilə gənclərimizdə hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində böyük rol oynayacağını deyib.

Akademik yeni kitabın arxiv sənədləri və foto materiallarla daha da zənginləşdirilməsi ilə yanaşı, onun AMEA-nın Gəncə Bölməsinin “Elm” nəşriyyatında işıq üzü görməsi üçün bütün maddi-texniki məsələlərin də həll ediləcəyini bildirib.

AZƏRTAC

17:01