08 November 2024

XİN: 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi

Bu gün 30 ilə yaxın hərbi işğal və təcavüzə son qoymaqla bölgədə yeni reallıqlar və sülh üçün tarixi imkanlar yaradan 44 günlük Vətən müharibəsinin taleyini həll edən Şuşa Zəfərindən 4 il ötür. Ölkəmiz və regionumuz üçün yeni dövrün başlanğıcını qoyan bu tarix, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Zəfər Günü kimi qeyd olunur.

8 Noyabr – Zəfər Günü

Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi 44 gün davam edib və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atması ilə nəticələnib. Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan 20 faiz torpaqlarının azad olunması ilə nəticələnən bu Qələbə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Qırx dörd gün ərzində Azərbaycan Ordusu tərəfindən 300-dən çox kənd, qəsəbə və şəhər, o cümlədən Şuşa işğaldan azad edilib.