Bütün soyqırımlar tanınsın

“Soyuq divarlarda güllə nişanı,

Didir-parçalayır, insan insanı”
(Səməd Vurğun)

Doğrusu mən bilmirəm Bayden özünün hansısa çıxışında “erməni soyqırımı” ifadəsi işlədibsə, bunun dünya siyasətinə hansı təsiri olacaqdır. Bəlkə Kim Kardaşyanla növbəti görüşündə o, tutub Baydenin alma yanaqlarından “maç” eləyəcəkdir. Başqa nə perspektivlər mümkündür?

Türkiyə aslan kimi yerində durub, onun haqqında hansı siyasətçinin nə qırıldatmasından asılı olmayaraq. Sözgəlişi, təsadüfən iki gün qabaq ünlü türk televizyonçu Məhmət Əli Birandın “32-ci gün” proqramının arxivinə baxırdım, orda Birandın Abdullah Öcalandan 1992-ci ildə aldığı intervüyə rast gəldim. Öcalan həmin intervüdə yekəbaş danışır, Türkiyəni guya öz dar düşüncəsiylə aşağılayırdı. Axırı necə oldu? Dünyada sığınmağa bir yer tapmadı, Türkiyənin qorxusundan Afrikaya qaçdı, ordan tutub gətirdilər, 21 ildir zindandadır.

100 il qabaq Osmanlı İmperiyası ərazisində hansı qırğınlar olub, kim-kimi öldürüb, buna ancaq tarixçilər qiymət verə bilər. 1-ci dünya savaşında Avropanın ortasında, Fransa-Almaniya sərhədlərində elə qırğınlar olub ki, miqyası ağla gəlməz. Məsələn, təkcə Elzas-Lotaringiya döyüşlərində 450 min adam ölüb. İndi eyni müharibənin şərq cəbhəsində hansısa sayda ermənilər də Rusiyanın saxta müttəfiqlik tələsinə düşüb, türklərə qarşı savaşıb həlak olubsa, bu qarşılıqlı düşmənçiliyi təzədən, 106 il sonra eşələyib oyatmağın, yaraları qanatmağın mənası nədir? Axı normal məntiq yiyəsi, ağlı başında adam fikirləşməlidir ki, bu necə soyqırımdır, Türkiyədə hansı daşı qaldırsan, altından bir erməni çıxacaq? Siyasətdən, mədəniyyətdən, mediadan, musiqidən... Türkiyə parlamentində erməni deputatlar oturub dövlətin əleyhinə ağızlarına gələni danışırlar.

Əlbəttə, “parçala, hökm sür” siyasətidir. Amerikalılar Orta Doğuda çox yerdə bu siyasəti tətbiq edirlər. İndi Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında yaxınlaşma, kommunikasiyaların açılması ehtimalları güclənərkən, niyə araya nifaq alması atılmasın? Baydenin bu hərəkəti ara qatmaqdan başqa şey deyil. Bu, hətta deyərdim erməni xalqına da düşmənçilikdir. 1915-ci ildə qurdalanırlar, ancaq 2003-cü ildən bəri dəvətsiz soxulduqları İraqda 655 min insanın qırılmasını heç yada salan yoxdur. Qoy Bayden bir dəfə də “İraq soyqırımı” ifadəsi işlətsin. Sərf eləmir. Ora girməklərinin bəhanəsi indi kimin yadına düşür? Guya Səddamın hansısa kütləvi qırğın silahları vardı. Hər yeri eşdilər, lakin o silahlar tapılmadı. ABŞ özünü planetin hər yerində dovşanın qulağını kəsib sonra sayan ovçu kimi aparır, lakin gözəl anlayırlar ki, belə şeylər Türkiyəyə qarşı keçmir. Qurtuluş savaşında tək Çanaqqalada 250 min şəhid verən, geri çəkilməyən xalqa 250 Bayden gəlsin, nə edəcək?

“Biz həmişə bolluq içində yaşamışıq, bizim uşaqlarımız heç zaman aclıqdan ağlamayıb... Rok-River çayının sürətli axınları bizə çoxlu balıq hədiyyə edib, bizim torpaq münbit olub, biz heç vaxt yaxşı məhsulsuz qalmamışdıq. Bizim kənd burada yüz illərlə durub və biz həmişə Missisipi vadisinin mübahisəsiz sahibləri olmuşuq. Bizim kənd böyük idi və ölkədə elə yer yox idi ki, orada ov yerləri bizimki qədər yaxşı olsun. Əgər o günlərdə bizim kəndə peyğəmbər gəlsəydi və indi baş verənlərin olacağını bizə desəydi, ona heç kim inanmazdı”. Bu, 18-19-cu əsrlərdə Amerikanın yerli əhalisini soyqırıma məruz qoyan avropalıların əməlləri haqda tarixi bir çıxışdan parçadır. Sözlərin müəllifi isə sauk qəbiləsinin başçısı Qara Şahin-dir.

Türkiyə də hindulara qarşı soyqırımı tanısın. 100 il qabaqla 200 il qabağın nə böyük fərqi var ki? İnsan insandır. Faciələri yaşatmaq borcumuzdur. Hələ Güney Amerikada ispanların inklərin başına açdığı faciələr heç yazılası deyil.

Ümumiyyətlə, bütün soyqırımları tanımalıyıq. Siyahını çap eləyin, verin Baydenə, il uzunu oxusun, bekar adamdır. Fransızların ərəblərə, hutsilərin tuttilərə, farsların yunanlara, rusların türklərə, ingilislərin hindlilərə, amerikalıların zəncilərə, zəncilərin zəncilərə, hunların bizanslılara, romalıların qallara, karfagenlilərin romalılara, assurların hetlərə, hetlərin misirlilərə... elədikləri qırğınların hamısı ABŞ prezidentinin çıxışlarında öz əksini tapmalıdır. İldə 365 gün var, ola bilər hamısı yerləşməsin, ancaq problem yoxdur, bəzi günlər 4-5 soyqırımı saymaq olar.

Zamin HACI
Mənbə:musavat.com
Xudaferin.eu

07:55