Büdcəyə “İŞIQ PAYI”: Qiymət yenidən artırıla bilər

Akif Nəsirli: “Büdcəni doldurmaq üçün müxtəlif variantlardan istifadə edirlər”

Azərbaycanda günün müxtəlif vaxtlarına uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi qərarlaşdırılır. Belə ki, Azərbaycanda 2017-2020-ci illərdə istehlakçılarla istehsalçıların maraqlarının uzlaşdırılması üçün optimal qiymətlərin müəyyənləşdirilməsi nəzərdən keçiriləcək. Bu fikir "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir. Qeyd olunur ki, aidiyyəti orqanlar milli enerji portfelinin yaradılması üçün orta xərci, habelə aşağıdakı tədbirləri nəzərə alaraq, istehlakçılar və istehsalçılar üçün əlverişli qiymətin müəyyənləşdirilməsini nəzərdən keçirəcəklər Burada bəzi müddəalar əsas tutulur:  
- xərci əks etdirən tariflərin tətbiqinin nəzərdən keçirilməsi (elektrik enerjisinin qiymətlərini subsidiyalaşdırmadan);
- satınalma qiymətinin paritetlik göstəricilərini nəzərə alaraq, son istifadəçi tariflərinin beynəlxalq müqayisəli qiymətləndirilməsini həyata keçirmək üçün, zərurət olarsa, ekspert və məsləhətçilərdən ibarət qrup təşkil edilməsi;
- ev təsərrüfatları üçün ikisəviyyəli tarif sisteminin tətbiq edilməsi, tariflərin tətbiq olunacağı istehlak həcmi hədlərinin və bu şkalalar üzrə müvafiq tariflərin müəyyənləşdirilməsi;
- bəzi sənaye sahələri üçün güzəştlərin azaldılmasının, qiymətlərin günün vaxtına görə diferensiasiya edilməsinin, infrastrukturun yaradılmasına çəkilən xərclərə əsaslanan qiymətlərin tətbiqinin nəzərdən keçirilməsi zamanı aztəminatlı istehlakçı kateqoriyaları üzrə son istehlakçı qiymətlərinin dəyişməz saxlanılması;
- pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi;
- sifariş əsasında ayrılmış həcm və sərfiyyat arasında uyğunsuzluğun aradan qaldırılması üçün elektrik enerjisi üzrə əlavə haqların müəyyən edilməsi;
- reaktiv enerjidən istifadənin səmərəliliyinin artırılması barədə təkliflərin hazırlanması. Bu müddəalar arasında pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi məsələsi müzakirəyə səbəb olub. Ekspertlər bu məsələnin hansı qayda ilə tənzimlənməsində narazılıqların artacağından narahatdırlar. Bildirirlər ki, bu qayda əsasən dövlət büdcəsindəki kəsiri aradan qaldırmaq üçün hesablanıb.

“Bu sərvət xalqındır”

İqtisadçı ekspert Akif Nəsirli deyib ki, əhaliyə elektrik enerjisi kommersiya məqsədilə satılır: “Bu gün elektrik enerjisini Azərbaycanda dövlət şirkəti satır. Bundan əlavə Azərbaycan şirkəti həmin enerjini müəyyən sərvət hesabına hasil edir. Onun dəyəri 1 qəpik belə satılsa, xalqa bu sərvət kommersiya məqsədilə satılmamalıdır. Sərvət həm hökumətin, həm də xalqındır. Hesab edirəm ki, bu mümkün addım deyil. O ki qaldı proseduruna, bu qaydalar çox mürəkkəbdir. Ölkənin bütün abonentləri ağıllı sayğaclarla təmin edilməlidir. Bu çox mübahisəli məsələdir. Pik saat elə müəyyənləşməlidir ki, heç kim ondan narazı olmasın. Hollandiya, Almaniya kimi enerji nə xaricə idxal olunmur, nə də alternativ vasitələrlə istehsal olunmur. Hansı ki, o enerjinin maya dəyəri 1 qəpiyə belə çıxmır. Bundan hökumətin kommersiya kimi istifadə etməsi düzgün deyil”.

 

Ekspert deyib ki, ölkənin maliyyə gəlirləri həddindən artıq zəifdir: “Dövlət büdcəsini doldurmaq mümkün olmur. Buna görə də hökumət müxtəlif variantlardan istifadə edir ki, dövlət büdcəsini doldursun. Məqsəd əhalidən daha çox pul qazanmaq və büdcəni doldurmaqdır. Yəni dolayısı ilə əhalinin cibinə girməkdir. Bu hal həm abonentlər, həm də sahibkarlar üçün narazılıq yaradacaq. Bu günki sahibkar əhalidən o qədər də fərqlənmir. Sahibkarın da vəziyyəti gərgindir. Azərbaycanda iqtisadi aktivlik kifayət qədər zəifdir. Elə elektrik enerjisinin indiki tarifləri belə sahibkarların xeyli hissəsinin öz fəaliyyətlərini dayandırmasına səbəb olmaqdadır. Üstəlik bunun üzərinə yerlki diferensiallaşdırmanı gəlsələr, iqtisadi aktivlik bir qədər də aşağı düşəcək”.

Alçina Amilqızı
Cebhe.info

13:19