Büdcəni talayan qurumlar: Özəlləşdirməyə çıxarılacaq?

 

Hələ ötən ildən bəzi paralel dövlət qurumlarının ləğv olunacağı gözlənilirdi.Bir sıra yetkililər qeyri-rəsmi olsa da bunun hökumətin islahat paketinə daxil olduğunu bildirirdilər.Ancaq sonradan hökumətin islahat paketi ləğvi gözlənilən qurumlardan yan keçdi.Yalnız Nəqliyyat Nazirliyinin ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilildi.2018-ci ilin büdcə müzakirələri zamanı bu məsələ Milli Məclisin tribunasından da səsləndi. Belə ki, deputat Zahid Oruc çıxışı zamanı bildirdi ki, artıq bir sıra dövlət qurumlarını ləğv etməyin zamanı çatıb:  “Bir müddət əvvəl Nəqliyyat Nazirliyi ləğv olunaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə birləşdirildi.Onun strukturları başqa bir nazirliyə tabe olundu.Amma ötən müddətdə gördük ki, nəqliyyat infrasturkturu çökmədi.Buradan belə bir nəticə çıxır ki, bir sıra paralel dövlət qurumlarının, nazirlik və komitələrin də ləğvinin zamanıdır.Bunun böyük xeyrini görə bilərik”.

Bir-birini təkrarlayan paralel dövlət qurumlarının ləğvi büdcəni əlavə yükdən xilas edə bilər.Digər tərəfdən, adıçəkilən qurumların özəlləşdirilməsi də gündəmdə olan məsələdir. Bu proses büdcəyə gəlir gətirəcək. Çünki özəlləşdirilən hər hansı bir qurum avtomatik olaraq vergi ödəyicisinə çevriləcək.Dövlət həm də özəlləşdirmədən müəyyən qədər gəlir əldə edəcək.

Bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, uzun illərdir bununla bağlı diskussiyalar gedir, ancaq real addımlar atılmır: “İllər öncə ilk dəfə belə bir addım atıldı və “Bakıelektrikşəbəkə” “Barmek” şirkətinin idarəçiliyinə verildi. Bu da çox pis nəticələr doğurdu. O, mənada ki, sonradan müqavilə şərtləri pozuldu. Bu da xarici investorlar üçün çox pis siqnal oldu ki, Azərbaycanda bu tip müqavilələrin hər an pozulma ehtimalı var və müqavilələrin şərtləri yerinə yetirilməyə bilər. Əslində bu çox pis presedent yaratdı. Dövlət idarələrinin, əsasən də kommunal xidmət göstərən qurumların özəlləşdirilməsi təbii ki, dövlət büdcəsinin yükünü xeyli dərəcədə azalda bilər, çünki bu qurumlara dövlət büdcəsindən böyük həcmdə dotasiyalar verilir. İnvestisiyalar yatırılır, ancaq rəsmi qurumların ziyanla işlədiyi açıqlanır.Amma əslində təbii inhisarçılar, hansı ki, dövlət tərəfindən birbaşa dəstək göstərilir, onlar ziyanla işləyə bilməz. Deməli, idarəetmədə, yanaşmada problemlər var ki, bu günə qədər həm vətəndaşların keyfiyyətli xidmətlə bağlı şikayətlərinin ardı-arası kəsilmir, həm də ziyanla işləyən dövlət şirkətləri peyda olub.Əslində bunların özəlləşdirilməyə çıxarılması o qədər də asan məsələ deyil.Bunun üçün bir çox addımlar atılmalıdır ki, özəlləşmə və ya idarəetməyə verilməsi üçün zəmin hazırlansın. Burada əsas məsələlərdən biri də xarici investorların iştirakına nail olmaqdır. Çünki xarici investor özü ilə əlavə valyuta gətirir, həm idarəetməni təkminləşdirir, həm yeni texnologiyalar tətbiq edir, həm də itkiləri azaldır. Təəssüflər olsun ki, bizdə həm qazda, həm elektrik enerjisində, istilik sistemində, suda ciddi itkilər var. Dünyada bu cür itkilərin olduğu ölkə nadir hallarda tapıla bilər ki, həm daşınmada, həm paylayıcı şirkətlərdə ciddi itkilər müşahidə olunur. Bu itkilərin qarşısı alına və optimal idarəetmə forması yaradıla bilər.Xarici investorların ölkəyə cəlb edilməsi üçün isə investisiya mühitinin daha da yaxşılaşdırılmasını, qanunun aliliyini, mülkiyyət hüququnu təminatı çox yüksək səviyyədə olmalıdır. Xarici investorları heç bir siyasi proses maraqlandırmır. Onları maraqlandıran gəlirli işləməsidir və oun qaydalarının pozulmamasıdır.Bunun üçün isə müstəqil məhkəmə sisteminin olması vacibdir.Hesab edirəm ki, xarici investorların gəlməsi daha məqsədəuyğundur.Çünki ölkəyə valyuta, yeni idarəetmə metodu, yeni texnologiya gətirəcək ki, bu da ölkə üçün çox vacibdir”.

 

Vilayət Muxtar

Cebhe.info

10:31