Büdcəni talan edən “ölü canlar”

 

Akif Nəsirli: “Hakimiyyət nərdivanında bütün strukturlar aşağıdan yuxarıya doğru rüşvət verməklə məşğuldur”

Müxtəlif xərclər üzrə qənaət rejiminin tətbiq edilməsi və büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsi məsələsi həmişə aktual olub.Müstəqil ekspertlərin qənaətincə, büdcə təşkilatlarında israfçılıq talan səviyyəsinə yüksəlib. İqtisadçılar hesab edirlər ki, maliyyə vəsaitlərinə qənaət etməyin çox vacib olduğu bir dövrdə dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılması vacibdir. 

Qeyd edək ki, 2017-ci il dövlət büdcəsi haqqında qanuna əsasən, Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16 255 000,0 min manat, xərcləri 16 900 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 634 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 16 211 286,0 min manat, yerli xərcləri 688 714,0 min manat) məbləğində təsdiq edilib.
Büdcədə 3 bölmədən başqa bütün sahələrin xərcləri azaldılıb. Xərcləri artırılan bölmələr "Müdafiə", "məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq" və "əsas bölmələrə aid edilməyən xidmətlər"-dir. Bu bölmələrin xərcləri təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, iqtisadi fəaliyyət kimi digər sahələrin xərclərinin azaldılması hesabına artırılıb. 2017-ci ili iqtisadi cəhətdən gərgin adlandıran iqtisadçılar hesab edirlər ki, təhsil, səhiyyə, sosial müdafiə kimi bölmələrin xərclərinin azaldılması doğru addım deyil. Müqayisə üçün bildirək ki, 2015-ci ilin dövlət büdcəsi dollarla ifadədə 25 milyard olub.2016-ci ilin büdcəsi isə xarici valyuta ilə hesablayanda təxminən 12 milyard dollar olub. 2016-cı il dövlət büdcəsinin xərcləri 16264,0 milyon manat proqnozlaşdırılırdı ki, bu da 2015-ci illə müqayisədə 4836,0 milyon manat və yaxud 22,9 faiz az deməkdir.

Büdcə xərclərinin azaldığı bir dövrdə büdcə hesabına maliyyələşən qurumlarda “ölü canlar” yatır.Hansısa müəssisədə çalışan işçilərin sayı uzaqbaşı 20-30 nəfər olur, amma işləməyən adamların sayı həddindən artıqdır.Məhz belə insanlar müəssisə və ya qurum rəhbərləri üçün qazanc mənbəyinə çevrilir.Elə uşaq bağçaları, nazirliklər, orta məktəblər, xəstəxanalar yoxdur ki, orda adı ştatda olub işə gəlməyən xeyli sayda insan olmasın. Bəzən bir məktəb direktorunda və ya digər qurumların rəhbər şəxslərində 3-5 adamın adına olan maaş kartları olur. Amma aidiyyəti dövlət qurumları bununla bağlı ölçü götürmür.Büdcə təşkilatlarından maliyyələşən qurumların “ölü canlar”dan təmizlənməsində maraqlı deyillər.
 

“Aşağı təşkilat yuxarı təşkilata “hesab” verir”

 

İqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, danılmaz faktdır ki, Azərbaycanda idarəetmə strukturu rüşvət üzərində qurulub: “Yəni, bu gün bütün strukturlar aşağıdan yuxarıya doğru hakimiyyət ierarxiyasında rüşvət verməklə məşğuldur. Aşağı təşkilat yuxarı təşkilata “hesab” verir.Həmin hesabat Azərbaycanda rəmzi xarakter daşıyır.Hesabat deyəndə kənardan müşahidə edənlər düşünür ki, tabeçiliyində olan şəxs yuxarı orqana gördüyü işlər barədə hesabat verir.Xeyr.Hesabat görüntü xarakterli bir sənəddir.Əslində, onun arxasında pul dayanır.Bağça müdiri tabe olduğu quruma və yaxud hansısa şəxsə hər ay pul göndərməlidir. Bunu da haradansa çıxarmalıdır, ya yox?! Sistem dəyişməlidir ki, rüşvət aradan qalxsın.Hamı öz tabeçiliyində olan şəxsdən yalnız gördüyü işlər barədə hesabat tələb etməlidir.Hesabatın arxasında rüşvət dayanmalı deyil. Büdcə təşkilatlarında maliyyələşən qurum və təşkilat rəhbərləri öz fəaliyyətləri ərzində əməyinin dəyərinə yaxın məbləğdə maaş almalıdır. Yalnız bu halda sistem öz səmərəsini verə bilər. İdarəetmə işinin tərkibinə aid olan məsələlərdən biri də həmin müəssisənin daha çevik və az maliyyə tutumu ilə qənaətcil işləməsidir. Qurum bu halda yuxarı orqanlarda qiymətləndiriləcək.Bu zaman həmin rəhbər şəxs çalışacaq ki, artıq israfa yol verməsin, dövlət vəsaitinə qənaət etsin. Yəni, idarəetməni səmərəli şəkildə qursun, çünki onun qarşısına hansı hədəflərə nail olmaq qoyulub. Amma Azərbaycanda belə bir idarəetmə sistemi mövcud deyil”.

İqtisadçı onu da əlavə edib ki, bu gün Azərbaycanda o adam şöhrət sahibi olur ki, tabe olduğu şəxsə rüşvət verə bilir: “Bu cür idarəetmə forması olan sistemlərdə nəyəsə qənaət etmək və çevik idarəetmə üsulu ilə işləmək, səmərəliliyi yüksəltmək çox çətin məsələdir. Hər gün metrodan istifadə edirik.Deyilənlərə görə, metro dotasiya hesabına çalışır.Yəni, öz xərcini özü ödəyə bilmir.Təmirə ehtiyac olmaya-olmaya hər gün bir stansiyanı təmirə dayandırırlar.Dotasiya hesabına işləyən bir qurum nəyə görə kosmetik təmir edir? Bunun hamısı büdcədən pul oğurlamaqdı. Axı qurum hansısa bir iş görüb göstərməlidir ki, filan işləri görüb, filan qədər də vəsait xərcləyib. Onların əlində sərbəst vəsaitlər olmalıdır ki, hesabat vaxtı yuxarı orqanlara “hesabat” verə bilsin.Hesabat hissəsi rəmzi xarakter daşıyır.Belə bir idarəetmə formasında mobil qənaətcil olmaq, çevik tədbirlər görmək, səmərəliliyini yüksəltmək demək olar ki, mümkün deyil”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

12:05