Büdcəni doldurmağın daha bir yolu: Elektron ticarətə də vergi qoyulur

Elektron qaimə-fakturaların tətbiqilə bağlı vergi məcəlləsinə dəyişiklik edilir. Ölkəmizdə mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi sahəsində mövcud vəziyyətin təhlili göstərir ki, qaimə-fakturaların kağız formasında tətbiqi bir sıra problemlərə və nəticə etibarı ilə vergidən yayınma hallarına şərait yaradır. Vergilər naziri Fazil Məmmədov hesab edir ki, bunun qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər ediləcək ki, layihəyə sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturanın təqdim olunması barədə müddəalar daxil edilib. Eyni zamanda malların alışını təsdiq edən qaimə-faktura, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyinə görə alınmış malların 10%-i, ikinci dəfə yol verdiyinə görə 20%-i, üç və daha çox yol verdiyinə görə 40%-i miqdarında maliyyə sanksiyasının tətbiq olunmasını nəzərdə tutan maddə əlavə edilib. Qanun layihəsinə ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 1 aprel 2017-ci il tarixdən, bütün digər vergi ödəyiciləri tərəfindən isə 1 yanvar 2018-ci il tarixdən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməsi ilə bağlı keçid müddəa daxil edilib. Nazirin sözlərinə görə, bu dəyişiklik sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşməsi prosedurunun sadələşməsinə, operativliyinin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmin edilməsinə xidmət edir.

Sadələşdirilmiş vergiyə keçid başladı...

Vergilər Məcəlləsindəki dəyişikliklərlə bağlı şərh verən əmlak məsələləri üzrə ekspert Rəşad Əliyevin fikirncə, 2016-cı ildən etibarən Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən daşınmaz əmlakların satışının vergiyə cəlb edilməsi qaydalarında dəyişikliklər edilib: “O vaxtkı dəyişikliklərə əsasən təkrar bazarda yaşayış və qeyri-yaşayış təyinatlı sahələri satan şəxslər vergini əmlakın sahəsinə uyğun olaraq ödəməyə başladılar. Bu dəyişikliklərin daşınmaz əmlakların aktiv kimi investisiya cəlbediciliyinə müsbət təsir etməsi şübhə doğurmur. Ancaq buna baxmayaraq dəyişikliklərin müsbət nəticələri bazarda az hiss olundu, çünki bazardakı vəziyyət makroiqtisadi şəraitin mənfi təsiri altında idi. Təəssüflər olsun ki o zaman dəyişikliklər ancaq təkrar və ilkin bazardakı mənzilləri, evləri və obyektləri əhatə etdi. Torpaq sahələrinin satışının vergiyə cəlb edilməsi əvvəlki qaydada qaldı. Bu isə torpaq sahələrinin investisiya cəlbediciliyinə mənfi təsir etməkdə davam etdi. Buna baxmayaraq torpaq bazarındakı aktivlik digər seqmentlərdən heç də aşağı olmadı. Yəni, nisbi olaraq, bazarda aktivlik onsuz da bütün seqmentlər üzrə 2016-cı ildə aşağı olub. 2017-ci il üzrə nəzərdə tutulmuş dəyişikliklərə əsasən torpaq sahələrinin satışı artıq sadələşdirilmiş vergiyə cəlb ediləcək. Verginin tutulması qaydası evlərin satışında olduğu kimi olacaq. Vergi notarius tərəfindən birbaşa olaraq əməliyyat zamanı satıcıdan tutulacaq və onun ödənilməsinə görə məsuliyyəti notarius daşıyacaq. Vergi torpaq sahəsinin hər kvadratmetrinə görə tətbiq ediləcək və ərazidən fərqli olaraq əmsallar tətbiq ediləcək”.

“Əksər ölkələrdə bu ticarətdən vergi tutulmur”

“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, dünyanın bir çox ölkələrində elektron ticarət vergiyə cəlb olunmur: “Əksər ölkələrdə bu ticarətdən vergi tutulmur. Vergiyə cəlb olunma o deməkdir ki, həmin məhsulların ölkəyə gətirilməsi qiymətləri bahalaşacaq. Özü üçün hər hansı məhsulu sifariş verən adam poçt, çatdırma və digər xidmətlərdən əlavə vergi də ödəməyə məcbur olacaq. Bu ona baha-başa gələcək. Buradan büdcəyə külli miqdarda vəsait daxil olacağı gözlənilmir. Xüsusilə, bu işlə məşğul olanların vergiyə cəlb olunması başqa bir məsələdir, hər hansı bir şəxsin kiçik məhsul almaqla vergiyə cəlb olunması tamam başqa bir şeydir. Tutaq ki, ölkədə tapılmayan hər hansı bir məhsulu məcburdur ki, vətəndaş onu xaricdən sifariş versin. Onu poçt, çatdırılma və digər xərclərinin üstünə vergi də gəldikdə bu məhsul şəxsə çox baha başa gələcək. Sırf kommersiya məqsədilə elektron variantlarda idxal edən vətəndaşlar vergiyə cəlb edilə bilərlər. Amma şəxsi məqsədlə gətirilən məhsulların vergiyə cəlb edilməsi düzgün deyil. Burada kommersiya məqsədləri olub-olmamasını araşdırmaq üçün hansısa bir limit qoymaq lazımdır. Tutaq ki, hər hansı pul və ya vaxt limiti qoyulmalıdır ki, adam bu işlə dövri məşğul deyil”.

E-ticarətdə müəmmalı məqamlar...

Ekspert qeyd edib ki, şəxs əgər sahibkarlıq fəaliyyəti göstərirsə, vergi verməlidir: “Tutaq ki, məhsulu adi qaydada ölkəyə gətirirsə vergi verir. Məsələn, hər hansı sahibkar 10 ədəd kompüteri ölkəyə gətirəndə vergi verir. Kimsə elektron varianta üstünlük verib malı sifariş edib gətirirsə,  o biri sahibkarın hüququ pozulur. Hamı belə etsə, həmin sahibkar da elektron varianta keçəcək və dövlət tamamilə idxaldan vergi tuta bilməyəcək. Buna görə də burada məsələ elə qoyulmalıdır ki, sırf kommersiya məqsədilə gətirilən müəyyən məbləğdə məhsullar vergiyə cəlb olunmalıdır. Amma şəxsi, qeyri-kommersiya vasitəsilə özünə lazım olan bir əşyanı hərdən bir gətirənlər vergiyə cəlb olunmamalıdır. Hesab edirəm ki, dünyada da belədir. Bəzi ölkələrdə elektron alış vergilərdən azaddır. Elektron ticarət isə başqa bir məsələdir. Yəni konkret olaraq ticarətlə məşğul olursan və alış-satış edirsən. Bundan isə dövlətə vergi verilməlidir”.
Ölkə daxilində elektron ticarətlə bağlı vergi tutulması məsələsinə gəlincə, Elçin Bayramlı bildirib ki,  müxtəlif saytlar, elanlar və sosial şəbəkələr vasitəsilə satış edənlərin vergiyə cəlb olunmaları mexanizmi mürəkkəbdir: “Bu qayda bir qədər də düzgün deyil. Məsələn, maşın ehtiyat hissələri bazarında dükan fəaliyyəti ilə məşğul olan bir şəxs var. Bu şəxs xarici ölkələrdən-Rusiyadan, Türkiyədən, Çindən, Ərəbistandan, İrandan adi yolla məhsul gətirir və bunun üçün sərhəddən keçərkən vergi  rüsumlarını ödəyir. Eyni zamanda satış saytlarında öz məhsullarının reklamını qoyur və elektron üsulla da satış edir. Kimsə bazara gedə bilmirsə, xəstədirsə, vaxtı yoxdursa, məhsulu sifariş edir və mal sahibi öz işçisi vasitəsilə əşyanı alıcıya çatdırır. O şəxs artıq elektron ticarət vergisinə cəlb olunmalı deyil. Çünki məhsulu ölkəyə gətirəndə onun vergisini ödəyib. Yəni, malı özü satdı, küçədə görüşüb apardı, internet vasitəsilə satış etdi, bunların fərqi yoxdur. Bu səbəbdən ölkə daxilində elektron ticarəti vergiyə cəlb etmək olmaz. İnsan var ki, özünün lazımsız əşyalarını, artıq məhsullarını satır və ya özünə lazım olan məhsulu elə oradanca sifariş edir. Beləliklə, insanlar özlərinə lazım olanları bir-birilərinə ötürürlər. Adamın evində 3 manatlıq bir əşya var, onu internetə qoyub satırsa, bundan dövlətə nə vergi verməlidir? Bu mexanizm hazırlanan zaman qeyd olunan məsələlər nəzərə alınmasa, həyata keçiriləcək proses ədalətsiz olar. Ölkə daxilində şəxslərin aralarında elektron satış etmələri sahibkarlıq fəaliyyəti deyil. Ölkəyə xaricdən requlyar olaraq məhsul sifariş edən və ölkədə satışını təşkil edən şəxs onun vergisini verməlidir. Çünki dövlət büdcəsi vergilərlə formalaşır. Bu şəxs kommersiya ilə məşğul olur və ayda 1000 və ya 10 min manat qazanırsa, o məbləğə görə vergi tutulmalıdır. Əgər mən 50 manatlıq xaricdən mal sifariş etmişəmsə, onsuz poçt, çatdırılma və filan xərcləri çəkmişəm. Əlavə buna vergi tutmaq düzgün olmaz. Çünki bu kommersiya məqsədi deyil”.

Alçina Amilqızı
Cebhe.info

11:54