“Bu təxribat bir daha sübut etdi ki, Ermənistan sülhdə maraqlı deyil” - YAP-dan Ermənistana xəbərdarlıq

Aydın Hüseynov: “Azərbaycan işğalçıya layiqli cavab verəcək, Qarabağ  tezliklə azad olunacaq”

“Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etmək və Ermənistanın status-kvonu saxlamaq  siyasətinin reallaşmasına razı olmaq niyyətində deyil”. Bu barədə “Yeni Müsavat”a açıqlamasında Yeni Azərbaycan Partiyasının şöbə müdiri, Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, Fakitiki olaraq Ermənistanın rəhbərliyi neçə müddətdir ki, təcavüzkar siyasətini davam etdirir və ardıcıl təxribatlar törətməklə danışıqlar prosesini pozur:

“Sentyabrın 21-də Tovuzun Əlibəyli kəndi istiqamətində Ermənistan növbəti dəfə təxribat törədib və Azərbaycan Ordusunun kiçik çavuşu Məmmədov Elşən Əli oğlu şəhid olub. Azərbaycan Ermənistanın bütün təxribatlarına  layiqli cavab verəcəkdir.

Ali Baş Komandanımız cənab İlham Əliyevin də bəyan etdiyi kimi, indiki şəraitdə işğalçı dövlətin rəhbərliyinin cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqların əhəmiyyətini itirir. Paşinyan öz cəfəng fikirləri ilə danışıqlar prosesinə ciddi zərbə vurur  və  “Qarabağ Ermənistandır” deməklə danışıqlar prosesini mənasız edir".

A.Hüseynov qeyd edib ki, Azərbaycan heç vaxt danışıqların formatının dəyişməsinə razı olmayacaq və oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslardanı söhbət gedə bilməz: “Bu gün BMT öz qəbul etdiyi qətnamələrinə əməl olunmadığını görür, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, digər beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlığı ilə bağlı qəbul etdikləri sənədlərə məhəl qoyulmadığının şahididirlər, ATƏT-in Minsk Qrupu sülh danışıqlarının heç bir nəticə vermədiyini çox yaxşı anlayır. Belə bir vəziyyətdə Azərbaycanın öz torpaqlarını azad etməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamasını da artıq yaxşı dərk etməlidirlər”.

Deputat Aydın Hüseynova ağır itki » Anews.az Azərbaycan xəbər portalı

Aydın Hüseynov

A.Hüseynov bildirib ki, bu gün Ermənistan bütün gücü ilə silahlanmağa, müharibəyə hazırlaşır. Müxtəlif ölkələrdən terrorçu qrupları Qarabağa toplayır: «Ermənistanın təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Əgər Ermənistan öz çirkin planlarından əl çəkməsə, onun üçün nəticələr çox ağır olacaq. Azərbaycanın  bir şərti var, işğalçı Ermənistan hərbçilərinin torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmasıdır. Prezidentimizin də iki gün öncə bəyan etdiyi kimi, əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, BMT-nin qətnamələrinə məhəl qoymursa, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün zəruri addımları atacaq. Azərbaycan  heç vaxt ərazisinin 20 faizinin itirilməsi ilə barışmayacaq. Azərbaycan döyüşkənlik əzmi, hərbi gücü və digər məsələlərdə Ermənistandan müqayisəolunmaz dərəcədə yüksəkdədir. Azərbaycan illərdir ki, beynəlxalq təşkilatlardan münaqişənin sülh yolu ilə həllini tələb edir, süni danışıqların nəticə vermədiyini anladır və artıq xalqın və dövlətin səbrinin tükəndiyini, öz ərazilərini işğaldan azad etmək məcburiyyətində qaldığını bəyan edir. Bunu bütün dünya dövlətləri birdəfəlik anlamalıdır. Ali Baş Komandan İlham Əliyev çox açıq və konkret şəkildə erməni terrorizminin arxasında dayanan güclərə xəbərdarlıq etdi, bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin daşıdığını anlatdı, ermənilərin hiyləgərliklə və xəbisliklə hərbi təxribatlar törətməsinin yaxşı nəticələnməyəcəyini bəyan etdi. Bu gün hamı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib, onun əmrini gözləyir. Əmin olmaq lazımdır ki, Qarabağ ermənilərdən tezliklə azad olunacaq”.

xudaferin.eu

12:07