Bu şanlı tariximizi təkrarlamaqda fayda var

28 may 2020-ci il Azərbaycan Qadınının bulvara ayaq basmasının 101-ci il dönümüdür. 
Düz 101 il öncə, 28 may 1919-cu ildə - Cümhuriyyətimizin 1-ci ildönümü şənliklərində Bakı küçələri əllərində gül-çiçək, övladları ilə birgə bayram edən qadınlarla aşıb daşır. Lakin sahil parkı ənənəvi olaraq qadınların, yalnız türk-müsəlman qadınların üzünə qapalıdı. 
Qadınlar bu cəhalətə etiraz edərək bulvar mühafizləri ilə qarşıdurmaya çıxırlar. Nümayişkarca etiraz edirlər:
- Bəyəm biz qadınlar, min zillətlə Cümhuriyyət qurmuşuq ki yenə köhnə qaydaları qoruyub qadınları saymayasınızmı?
Bulvar qapılarında caxnaşma düşür, qadınların sıraları sıxlaşır, səsləri yüksəlir, gözətçilər çoxluğun təzyiqinə davam gətirməyib geri çəkilməli olur...
O mübariz xanımlar, nəhayət, canlı maneəni yarıb ilk dəfə Bakı bulvarına girirlər.
Ertəsi gün Bakı qəzetləri qadınların bu hərəkətlərini təqdir edən və lənətləyən çoxlu yazılar dərc edir. Şəhərdə mübahisə qızışır, məscidlər "şəriət əldən getdi" deyə tüğyan edir. 
Lakin...  həmin gün Şanlı Cümhuriyyətimizin Parlamenti və Hökuməti qadınları müdafiə edən bəyanatlar yayır. 
Bununla da uzun illərin yasağı birdəfəlik aradan qalxır.
Cümhuriyyətimiz  bu mövqeyi öz milli  fəlsəfəsinə və boynuna götürdüyü üç hüquqi öhdəlikdən biri olan qadın və kişi bərabərliyi  yönündə siyasətinə uyğun olaraq vermişdi.
Bakıda və bütün ölkədə xurafatçı kəsimin güclü olduğu bir zamanda hökumətin  belə bir mövqeyi asan iş deyildi. Lakin bu Cümhuriyyətçi dünyagörüşü həyata keçirməyi mümkün edən başqa bir ciddi səbəb vardı ki, bu da hər zamanda və hər siyasi dönəmdə olduğu kimi Azərbaycanda mütərəqqi kəsimin də güclü olması idi.

Əziz Azərbaycan qadını!
Savaşın Qutlu Olsun!
Bu gün gözəlim Bakı sahillərində yürüyərkən sələflərinin bu müqavimətini və qazancını unutma! 
O savaşçı anaları qürurla xatırla!
Onu da unutma ki, bütün azadlıqlar və Vətənin səadəti sənin əzminə, dözümünə, dirənişinə bağlıdır!
Sənə edilən zülümlər və haqsızlıqlar məhz sənin müqavimətin önünüdə bir heç olacaqdır!
Sən Cümhuriyyət Qadınısan!
Sən Cümhuriyyətçi Qadınsan!

Mehriban Vəzir

xudaferin.eu

09:41