“Bu hakimiyyətlə müstəqilliyimizi də itirərik”

Keçmiş səfir Azərbaycan iqtidarını bir daha ifşa etdi ki

Azərbaycanın Avropa Şurasında səfiri və İƏT-in Avropa Birliyində nümayəndəsi olmuş diplomat Arif Məmmədov Rusiya XİN rəhbəri Sergey Lavrovun Qarabağa dair sonuncu məlum bəyanatı ilə bağlı fikirlərini paylaşıb. O, feysbuk səhifəsində paylaşdığı yazıda diqqəti Lavrovun bəyanatından çox Azərbaycan hakimiyyətinin uğursuz xarici siyasətinə, o cümlədən Qarabağa dair səhv mövqeyinə yönəldib.
Keçmiş səfir yazır ki, Sergey Lavrov Rusiyanın naziridir və uyğun olaraq ölkəsinin geopolitik maraqlarından çıxış edir. Onun fikrincə, Minsk qrupu üzrə digər həmsədr ölkələrin də XİN başçıları eyni suala oxşar açıqlamalar verərdilər. “Daha ciddi məqama diqqət yetirmək lazımdır” deyən A.Məmmədov daha sonra yazır: “Avropa Biriliyinin Gürcüstan, Moldova və Ukrayna ilə bağlı sənədlərində aydın və dəqiq şəkildə göstərilir ki, AB bu ölkələrin ərazi bütövlüyünü onların beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tanıyır. Azərbaycanla bağlı sənəddə isə ərazi bötüvlüyünün tanındığı bu vacib məqam qeyd olunmadan yazılıb, yəni bizimlə bağlı sənəddə “beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində” ifadəsi yoxdur. AB ilə danışıqlar zamanı qurumun Finlandiyadan olan prezidenti eyni formulirovkanı Azərbaycan üçün də təklif etmişdi. Amma Fransanın xahişi ilə Azərbaycan rəhbərliyi “Ermənistanla danışıqlara xələl gəlməsin deyə” bu ən vacib müddəanın sənəddən çıxarılmasına razılaşdı…
Faciə ondadır ki, Azərbaycan hakimiyyətinin xarici siyasəti bütün istiqamətlər tam iflasa uğrayıb. Bu hakimiyyət özü Azərbaycanın gropolitik və təhlükəsizlik maraqlarına ciddi təhdidə çevrilib. Bu hakimiyyətlə biz nəinki Qarabağı, dövlət müstəqilliyimizi də itirə bilərik”.

Azadliq.info

18:01