“Bu gün əslində, Od yox, Torpaq çərşənbəsi olmalı idi, biz əbədi nizamı pozduq”- Xalq yazıçısı

Bu gün türk dünyagörüşündə Yeni ilin başlanğıcı sayılan, təbiətin oyanması ilə əlamətdar olan Novruzun ilaxır çərşənbələrindən ikincisi – Od çərşənbəsi qeyd olunur. 
 
Novruz çərşənbələri özünün fəlsəfi mahiyyəti ilə seçilir. Onların qeydolunma ardıcıllığı, qədimlərdən üzərində daşıdığı mahiyyət çərşənbələrə dərin təqvim kimi baxılmasını tələb edir.
 
Azərbaycan folklor və etnoqrafiyasının mahir bilicisi olan, Xalq yazıçısıMövlud Süleymanlı Moderator.az-la söhbətin ikinci hissəsində çərşənbələrin fəlsəfəsi və konkret olaraq, od çərşənbəsi barəsində danışıb. Söhbətin əsas məramı isə, çərşənbələrin keçirilmə ardıcıllığının pozulması olub:
 
Mövlud müəllim, sizin doğru saydığınız ardıcıllığa görə, bu gün əslində, torpaq çərşənbəsi olmalı imiş? Bunun fəlsəfi mahiyyətini nə ilə əsaslandıra bilərsiz?
 
- Torpaq həmişə suyla bir yerdədir, heç kəs torpağı sudan ayrı bilməz. Təsəvvürə belə gələn deyil. Təsəvvürdə, yaddaşda yəni, ancaq bir şey var; sudan torpağa çıxmaq, torpağa, yəni yaşamağa... Sudan Oda çıxış yoxdu, ola da bilməz. Sudan Oda gedən yol məhvə, yox olmağa aparar. Suyla torpaq bir yerdə bətn kimidir, ana bətni kimi...Var olan hər şey bir-birinə bağlıdır, hər şey, əgər hərəkətdədirsə, öz yerini,-nədən sonra nəyin gəldiyini  bilir. Bununla da Yaranışın əbədi hərəkəti alınır. Bax, od indi gəlir, yalnız indi bu əbədi hərəkətə qatılır: ilıq-ilıq, gülümsəyə-gülümsəyə suyla torpağı-ana bətnini isitməyə, cücərtməyə gəlir...Bu cücərmə, yəni yerin,  el diliylə desək, cücük çağı əslində suyla torpağın qovuşduğu vaxta deyilir. Bu vaxt ana bətnində olduğu kimi, torpağa düşən toxum zamanı gələndə suyla torpağın tərkibindəki istiliklə- odla mayalanır, cücərir və Günəşi içir... “Günəşi içənlərin şərqisi...” Mənim düşüncəmə görə insanların bu bayramla bağlı bildikləri də dediyim həmin əbədi hərəkətin,- bu əbədi düzənin içindədir. 
 
- İkinci çərşənbə kimi Od çərşənbəsinin qeyd olunması, sizcə, bu əbədi düzəni pozur?
 
- Xalq bu əbədi düzənin içində olduğuna görə də bildiklərini hardan bildiyini anlamır, anlamaq da lazım olmur, təbiətə qarışıb yaşayır. Ona görə də təbiətin qanunauyğunluğu kimi insanlarımızın da bildikləri belə dəqiqdi, gözlə görünə biləcək, əllə toxunulacaq qədər gerçəkdir. Gecəylə gündüzün bərabər olmağından böyük gerçəklik təsəvvür eləmək mümkündürmü?! Əgər bu xalq bu böyük həqiqəti bilibsə və bildiklərini xırdalıqlarınacan qoruyub yadında saxlayıbsa, bununla da əhatəsində olduğu xalqlardan öz möhtəşəmliyiylə seçilib (bəlkə də qorxudub decək düz olar) bayramını keçirirsə elmi tədqiqatlar,-araşdırmalar adına alimlik edib  ona mane olmağımız nəyə lazım?! İndi qalxıb hərə bir söz deyir; biri deyir, dörd ünsürlə bağlı çərşənbələr olmayıb. Ola bilsin, elə bölgəmiz var ki, bu adətləri çoxdan unudub...Amma bütün hallarda Xalq elliklə suyun  ilk və sayalı- sınaqlı olduğunu bilib; torpağı, odu, havanı da eləcə. Bu dörd ünsürün üstündə inanclarını yaşadıb, özü demiş: oğrun-doğrun bayramını keçirdib. 
 
- Torpaq çərşənbəsinin əsas simvolikası nədir?
 
- Torpaq çərşənbəsində əsas olan “Deşmə keçid”dir. Torpağın elə vaxtıdır ki, el diliylə desək elə bil “dincə qoyulub”, indi gərnəşəcək, yəni torpağın suya açılan vaxtıdı, suyu içib üzünü Oda çevirəcək, isinib nəfəsini dərəcək...Bu ara həm də səməninin cücüyə qoyulması çağıdı. Ən çox da “Deyin səmənisi”...Yeniyetmə (ərlik) qızlar  bu vaxtlar bəxtlərinə səməni göyərdirlər.
 
Bu cür deyin səmənisi cücərdənlər əllərində də səməni “deşmə keçid”dən bu alxışlarla keçirlər: “Anam torpaq ağırla-uğurla məni, suçumu-günahımı al, ağırlığımı-yağırlığımı götür, dilək səmənisi böyütdüm, bax, bağrıma basmışam, səməni kimi oğul böyüdüm, qız böyüdüm. Anam torpaq, ayağım üstündə, əlim ətəyindədi. Yeməyimi verdin, diləyimi də ver!
 
- Böyüdüyünüz yerlərdə bu cür adət-ənənə hər zaman qorunub. Uşaqlığınızda torpaq çərşənbələrini necə xatırlayırsız?
 
- Böyük bacılarımın, böyük bibilərimin yeniyetmə çağlarında hərənin öz səmənisi olardı; deyin səmənisi...Deyin-niyyət eləyib səməni böyüdərdilər. Üç-dörd yaşım olardı, az-çox yadımdadı, dili dualı, alxışlı “Deşmə keçid”dən keçərdilər. Sonrakı nəsillərdə artıq bunları görmədim, beş-on ilin içində çox şey dəyişmişdi; “Deşmə keçid”i də su yuyub aparmışdı. Kolxoz işindən başı ayılan yox idi ki, yeni “deşmə” açsınlar. Amma evimizin yanından axan çay öz əbədi yürüşüylə hələ də axıb getməyindəydi; İlin Ayın son gecələrində bizi yenə ağırlayır- uğurlayır, vaxtını keçirdib solub-saralmış səməniləri axıdıb aparırdı...
 
1970-ci illərin əvvəllərində “Bulaq” radio verilişinə gələn məktubların arasında “Deşmə keçid” haqda  bir məktub vardı. Elə həmin vaxtlarda da işləyib verilişdə səsləndirdim. Amma bu keçidin  Novruz bayramıyla heç bir əlaqəsi, bağlılığı yox idi...Keçid bir təpə ətəyində qazılır, əyrim-üyrüm yollarla gedib təpənin başqa bir yanından çıxır; bu keçidə el arasında “yenidən doğulma” keçidi də deyilirmiş...
 
El arasında bağışlanmaz suçu olanlar, günah işləyənlər; namusa toxunanlar, yurd satanlar, yurd batıranlar, kasıbdan, sahibsiz qadından oğurluq eləyənlər  “eldən dışarı” edilərdi, yəni bu cür adamaları elliklə genəşiyə yığışıb verdikləri  qərarla kənddən qovardılar. İndi də tez-tez işlədilən belə bir ifadə var: “filankəs eldən dışqarı adamdı”. “ Kəndə qoyulası adam deyil” Eldən getməyi istəməyənlər, bağışlanmağını istəyənlər o şərtlə bağışlanardı ki, “Deşmə keçid”dən keçsin, yəni yenidən doğulsun. “Deşmə keçid”dən keçənlər adını keçiddə qoyub çıxırdı, çoxunun paltarları da keçiddə qalırdı. Ona görə də çıxacaqda bürüncəklə gözləyirdilər ki, onu çağa kimi doğuzdursunlar, qundaq kimi də bələyib büksünlər...Əllərindən tutub dartıb çıxardırdılar, sonra da:-Ay camaat,-deyirdilər,-Əli (adlar təxminidir) yenidən doğuldu, indi adı Lətifdi, Əli kimi yaşayammadı, indən belə  Lətif kimi yaşayacaq...
 
Yaddaşımıza qayıtsaq belə maraqlı etnoqrafik qaynaqlardan yəqin ki, çox tapa bilərik. Yuxarıda dedim ki, ola bilsin, bu adətin Novruz bayramıyla sıx bağlılığı yoxdur, amma torpağın ciddi səhvlər etmiş insanı yenidən doğmağı , yenidən həyata gətirməyi mənasında məncə bu günün özündə də çox xarakterikdir.      
 
 
- Torpaq çərşənbəsinin fəlsəfi mahiyyətini, etnoqrafik dəyərini çox gözəl izah etdiniz. Amma artıq uzun illərdi ki,  ikinci  çərşənbə kimi Od çərşənbəsini qeyd edirik. Bir az bu barədə də danışaq:
 
- İlin-Ayın son çərşənbələrində Su, Torpaq kimi Od da adi od kimi, yəni yalnız qaladığımız ocaq kimi, əlimizi yandıran, yaxan istilik kimi xatırlanmır, sayalı, müqəddəs, duyğularla anılır. Böyük alimimiz mərhum prof. Məmmədhüseyn Təhmasibin dediyi kimi Xalq odu atəşpərəstlikdən, zərdüşdlükdən də öncələrdə  qoruduğu, sirlərini, alxışlarını ifadə etdiyi, ən əsası dualarını tapındığı vasitə kimi yaşadır...İl-Ay bayramında Od daha çox təmizlik vasitəsi kimi lazım olur. Bayram tonqalını həyətin girəcəyində qalayır ki, həyətə keçən özüylə ağırlıq gətirməsin, pis niyətsiz, ağırlıqsız- yağırlıqsız keçsin. Xalqın özü məsəl çəkir: “Od yuduğunu su yumaz” Ona görə də deyir, heç olmasa ildə bir kərə özünü təmizlə, canını oddan keçirt, atıl tonqalın üstündən... “Qara yerdən üstünə qonan görünməzlər var, oda ver, yandır”. Doğrudan da oddan sonra adam özündə yüngüllük hiss edir. Ola bilsin ki, sudan çıxdıqlarına görə də bayram tonqalının alovu hamıya rahatlıq, dinclik gətirir...
 
- Ölkəmizə “Odlar yurdu” deyirlər. Od bizə yaxın olan, doğma sayılan bir rəmzdir. Siz od və Od çərşənbələri ilə bağlı hansı maraqlı deyimləri xatırlayırsız?
 
- El arasında odla bağlı deyimlər çoxdur, amma bunları təsnif etmək lazımdır. Mənim fikrimcə odla bağlı Novruz bayramı ərəfəsində deyilən ifadələr adi günlərdə deyilən ifadələrdən seçilir. Od çərşənbəsinə aid olan ifadələrdə birbaşalıq var, quraşdırma, əfsanə, nağıl yoxdur; yəni başqa,-adi vaxtlarda od-ocaq səs eləyəndə közə-kösövə duz səpib “ pisliyimizi danışan, gözün bu odda yansın” deyimini Od çərşənbəsində,- İlin-Ayın son çərşənbəsində deməzlər. İlaxır çərşənbədə  “Oda arxa çevirmə”, “Oda tüpürmə”, “Gorum ol, ocaq, gorumda yan” ifadələrini, deyimlərini işlətməzlər. Bəzi toy adətlərimizdə olduğu kimi qız evinin adamları oğlan evindən “köz oğurlamağa” cəhd etməz. Novruz bayramı ərəfəsində elə bil Odun ilkinə- doğuluşuna qayıdılır; Oda tapınmağa, Odun böyüklüyünə sığınmaq istəyi yenidən yaranır, hardasa böyüklü-kiçikli özümüzdən asılı olmadan, hansısa bir təbii qüvvənin təsiriylə oda sığınırıq da, tapınırıq da. Eyni zamanda demək olar ki, Odun üstünə çıxırıq, Odun üstündən keçirik, başqa vaxtlarda nə olur-olsun Odu tapdamazdıq, heç arxamızı da çevirməzdik, amma İlin-Ayın son çərşəmbəsində Odla ağırlığımzı-yağırlığımızı yuyuruq, keçən ildən qalma gərəksiz şeyləri yandırırıq, səhərəcən tonqallarımız yanıb bizim üçün iş görür, könlümüzə-ruhumuza ümidlər, uğurlar verə-verə bizi sabahlara göndərir. Suyla yuyunub-yaxandığımız kimi odla da yuyunuruq. Odun-ocağın bizdən aşağıda, ayağımızın altında olmağı lazım gəlir, üstündən atdanırıq, üstümüzün suyunu,-ağırlığımızı Oda tökürük, yanımızı, arxamızı çeviririk...Başqa vaxt belə eləməzdik. Hamısı ona görədir ki, biz həmin Anda Başlanğıcı, böyük Doğuluşu, hər şeyin, əsasən də dörd ünsürün,- Suyun, Torpağın, Odun, Havanın yenidən bir-birinə qovuşması, təmizlənməsi dönəmini yaşayırıq...Keçirdiyimiz həmin An-Od, yəni İlin-Ayın Od çərşənbəsində qaladığımız tonqallardakı alov yaşadığımız bütün zamanlardan bizə daha yaxın, daha səmimi, daha istiqanlıdır. Ona görə də bilməliyik ki, o an hər şey yaranışdan,-doğuluşdan nece varsa eləcədir; bütün başlanğıclarda, doğuluşlarda olduğu kimi təmiz, arı- durudur...  

09:50