Bu gün Gəncədə “Zəriflik” Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olacaq

Bu gün Gəncə şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olacaq.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın təntənəli açılışı Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.

Aprelin 30-dək davam edəcək festivalda Azərbaycan, Rusiya, ABŞ, Ukrayna və Gürcüstandan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivalda Rusiya Federasiyasının Dövlət Akademik Böyük Teatrı nümayəndə heyəti ilə təmsil olunacaq.

Festivalın bədii rəhbəri SSRİ Xalq Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylidir.

Bu gün festival çərçivəsində, həmçinin kamera konserti də təşkil olunacaq. Konsertdə Fərhad Bədəlbəyli (piano), Dmitri Yablonski (violonçel, ABŞ), Olqa Naqornaya (soprano, Ukrayna), Anastasiya Barun (soprano, Rusiya), İqor Korostılyov (bas, Rusiya), Aleksandr Anasenko (piano, Rusiya), Murad Adıgözəlzadə (piano), Şükür Səmədov (klarnet), Səbinə Əsədova (mezzo-soprano), Fəridə Məmmədova (soprano), Fəridə Rüstəmova (violin), İlahə Sadıxzadə (piano) çıxış edəcəklər.

14:47