Brüsseldə Avropada yaşayan azərbaycanlıların Vətən müharibəsində qazandığımız şanlı Qələbəyə verdiyi töhfələrdən danışılıb

Belçika Krallığında fəaliyyət göstərən diaspor təşkilatlarının və icmaların nümayəndələri Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşəbbüsü ilə Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı, Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfiri Vaqif Sadıqovla görüşüblər.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını və icma nümayəndələrini salamlayan Vaqif Sadıqov bu görüşün Belçikada yaşayan azərbaycanlılarla ilk görüş olduğunu və qarşıdakı fəaliyyət proqramını müzakirə edib. O, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən, Avropada yaşayan azərbaycanlıların lobbiçilik fəaliyyətlərindən, diaspora təşkilatlarının Azərbaycanın diplomatik korpusları ilə birlikdə bu Qələbəyə verdiyi töhfələrdən bəhs edib, xalqımızın Prezident İlham Əliyevlə birliyindən danışıb. Səfir Belçikada və Lüksemburqda bundan sonra da Azərbaycan diaspor təşkilatları və icmalarının daha da fəal olmasını, proseslərə aktiv münasibət bəsləmələrini tövsiyə edib.

Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov çıxışında səfir Vaqif Sadıqova təşkil olunan görüş üçün təşəkkür edərək Avropadakı diaspor təşkilatları və icmalarının qitədəki Azərbaycan diplomatik korpusları və nümayəndəlikləri ilə hər zaman birlikdə fəaliyyət göstərdiklərini söyləyib. Sahil Qasımov Avropa Azərbaycanlıları Konqresinin Azərbaycanın Avropa Birliyindəki səfirliyi ilə istər əvvəlki, istərsə də bundan sonrakı dövrlərdə sıx münasibətlərin mövcud olduğunu, Avropa Parlamentində və digər beynəlxalq qurumlarda akkreditə olunaraq lobbiçilik istiqamətindəki fəaliyyətlərini birlikdə həyata keçirəcəklərini qeyd edib. O, Azərbaycanın Brüsseldəki 2-ci inzibati binasının koronavirus dövründən etibarən bir neçə il istifadəsiz qaldığını bildirib və bu binanın Azərbaycan icmalarının istifadəsinə verilməsi təklifini irəli sürüb.

Görüşdə çıxış edən Belçika “Dayaq” təşkilatının sədri Asəf Bağırov, “Dünya Azərbaycanlıları Birliyi”nin rəhbəri Ədalət Quliyev, “Antverpen Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədri Təyyar Hüseynov, Avropada fəaliyyət göstərən jurnalist Elnaz Ağaxan, DUFOA rəhbəri Leyla Babayeva müxtəlif təkliflər irəli sürərək diaspora fəaliyyətinin və lobbiçiliyin daha da genişləndirilməsinin və siyasi müstəvidə fəaliyyət göstərməsinin vacib olduğunu vurğulayıblar. Görüşdə diaspor nümayəndələri ilə birlikdə Azərbaycanın Brüsseldəki diplomatları, bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr, musiqiçilər, jurnalistlər iştirak ediblər.

Vüqar Seyidov

Xudaferin.eu

15:47