Brüssel görüşünün nəticələri Ermənistanın diplomatik müstəvidə kapitulyasiyasıdır- Ekspert

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Bu görüşün nəticəsi Ermənistanın diplomatik müstəvidə kapitulyasiyası kimi də şərh edilə bilər. O baxımdan ki, Ermənistanın baş naziri 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamaqla 44 günlük Vətən müharibəsində məğlub olduğunu, döyüş meydanında uduzduğunu qəbul etmişdi. Buna baxmayaraq, Ermənistan diplomatik müstəvidə savaşını davam etdirir, müxtəlif manevrlər etməklə sülh danışıqlarını uzadır. Qarşı tərəf, həmçinin yenidən qüvvətləndikdən sonra Azərbaycanla münasibətlərini aydınlaşdırılmasına çalışırdı. Belə aydın olur ki, Ermənistan tərəfi Qarabağın Azərbaycanın tərkibində olması ilə barışmır, öz iddialarını yenidən masaya gətirmək istəyir. Nikol Paşinyan komandasının üçtərəfli Bəyanatın bütün müddəalarını icra etməkdən yayınması, ötən 3 il müddətində bu öhdəliklərin icrası üçün heç bir addım atmaması bu kontekstdə izah edilə bilər. O öz ərazisindən keçən kommunikasiya xətlərinin açılmasını yubadır, şərti adı Zəngəzur dəhlizi olan yolun inşasına maneələr törədir. Əlavə olaraq, Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi üçün zəruri olan addımları atmır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

Media eksperti qeyd edib ki, Nikol Paşinyan hər zaman ərazi bütövlüyünün tanıması barədə çaşdırıcı ifadələr işlədirdi. Məsələn, öz açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyirdi. Qarşılığında isə ölkəmizi da Ermənistanın 29.800 kvadratkilometrlik ərazisini tanımağa çağırırdı. Amma heç vaxt Azərbaycanın 86.600 kvadratkilometrlik ərazisi sözünü dilinə gətirmirdi. Belə anlaşılır ki, N.Paşinyan 1990-cı illərin qarışıq durumuna istinad edir, Azərbaycanın ərazisini Qarabağsız tanıyır. Beləliklə, bir tərəfdən özünü dünya ictimaiyyətinə sülhpərvər kimi göstərirdi. Digər tərəfdən isə erməni millətçilərinin işğalçılıq siyasətini gələcək dövrə daşımaq üçün yollar axtarırdı. Mayın 14-də keçirilən üçtərəfli Brüssel görüşünün mühüm əhəmiyyəti odur ki, Ermənistan liderinin bu cür ikibaşlı ifadələrinə və diplomatik manevrlərinə son verildi. Azərbaycan tərəfinin güclü diplomatik hərəkətləri ilə Nikol Paşinyana ikibaşlı ifadələri redaktə etdirildi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşdən sonra verdiyi bəyanatdan aydın olur ki, Ermənistan lideri Azərbaycanın ərazi bütövlüyü deyəndə, ölkəmizin 86.600 kvadratkilometrlik ərazisini tanıdığını vurğulayıb. Məsələnin belə konkretləşdirilməsi çox vacibdir. Ölkəmizin 86.600 kvadratkilometrlik ərazisi həm də Qarabağ regionunu əhatə edir ki, Nikol Paşinyan onu tanımaqla Ermənistanın Azərbaycan ərazilərinə, məxsusi olaraq Qarabağ regionuna iddiasını sona çatdırdığını dilə gətirib.

“Danışıqların gedişində Laçın yolu ilə bağlı heç bir iddianın qaldırılmaması da N.Paşinyanın Qarabağ mövzusunda korrektələr etmək məcburiyyətində qaldığını göstərir. Qarabağ mövzusuna yanaşmada razılaşdırılıb ki, Azərbaycan bu ərazisində yaşayan ermənilərinin “hüquqları və təhlükəsizliyi”ni təmin etməli, bu qrup insanlarla açıq dialoqa getməlidir. Bu mövzuda heç bir statusdan, hətta beynəlxalq mexanizmlərdən söhbət getmir. Belə yanaşma əslində Azərbaycanın problemin həlli üçün verdiyi təkliflərin diplomatik müstəvidə qəbul edilməsi anlamına gəlir.

14 may görüşünün nəticələri sırasında yer tutan digər bir mühüm məqam Zəngəzur dəhlizinin dəmir yolu bölməsinin açılması ilə bağlı irəliləyişin əldə edilməsidir. Hər dəfə Zəngəzur dəhlizi mövzusu gündəmə gələndə müxtəlif çaşdırıcı açıqlamalar verən Nikol Paşinyan bu məsələdə də korrektlər edib. Azərbaycan öz ərazisi ilə Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqeyini yaxınlaşdırıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı konkret qrafik üzrə zəruri inşaat işlərinin yekunlaşdırılması üçün təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.

Bütün bunlar onu göstərir ki, Ermənistanın və onun lideri Nikol Paşinyanın sülh danışıqlarını yubatmaq üçün istifadə etdiyi manevrlər tükədilib. O, konstruktiv davranmağa, Azərbaycanın şərtlərini qəbul etməyə məcbur edilib. Bir sözlə, Brüsseldə keçirilən görüşlər zamanı Azərbaycan tərəfi Ermənistan üzərində həm də diplomatik qələbə qazanıb.

Xudaferin.eu

10:27