Britaniyalı hüquqşünas Bakıdan deportasiya edilib

 

Ötən həftəsonu Londondan gəlmiş britaniyalı hüquqşünas Ramute Remezaite Bakı hava limanında saxlandığını, daha sonra deportasiya edildiyini bildirir. «Turan» agentliyinin xəbərinə görə, bu haqda onun özü sosial şəbəkələr üzərindən məlumat yayıb. «Azərbaycanda arzuolunmaz şəxs olduğumu anlamaq üçün növbə mənə də çatdı», – deyə hüquqşünas bildirib.

 

İnsan Hüquqları naminə Avropa Vəkillər Assosiasiyasının üzvü olan R.Remezaite ötən həftə Azərbaycanın Londondakı səfirliyindən viza alıb. O, yazdığına görə, iki digər həmkarı ilə birlikdə xarici səfirliklərdən birinin dəvətilə Bakıya gəlib. Ancaq sərhəd buraxılış məntəqəsində ona «vizanız olmasına baxmayaraq, Azərbaycana girişinizlə bağlı problem var», – deyə bildiriblər: «Zabitlərdən biri mənə dedi ki, sistemdə «stop» işarəsi var və mən ölkəyə girə bilmərəm. Mənə heç bir izahat və ya sənəd təqdim etmədən geri göndərdilər».

Hüquqşünasa görə, bütün baş verənlər onun Azərbaycanda «arzuolunmaz şəxs» elan olunması ilə bağlıdır. «Yaxın gələcəkdə oraya qayıda bilməyəcəyəm. Bu, həmçinin o deməkdir ki, insan hüquqlarını müdafiə edirsənsə, bu ölkədə hüquq və azadlıqlar pozularkən susmursansa, səni ora buraxmayacaqlar», – deyə R.Remezaite bildirib.

R.Remezaite bir neçə il əvvəl Azərbaycanda – Media Hüququ İnstitutunun layihələrində çalışıb. Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının həyata keçirilməsinin monitorinqini aparıb. O, həmçinin AİHM-də Azərbaycan vətəndaşlarının iddiaları üzrə vəkil kimi çıxış edib. O, Azərbaycanda insan hüquqlarının pozulması mövzusunda bir neçə məqalə dərc edib. Sərhəd Xidməti və Xarici İşlər Nazirliyi hüquqşünasın hansı səbəblərdən saxlanmasını «Turan» agentliyinə şərh etməyiblər.

TURAN İA

11:53